Sizin reklam burada
Sizin reklam burada
  • Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

    Mayın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünyaşöhrətli azərbaycanlı cərrah, türkoloq-alim, professor Cavad Heyətin xatirəsinə həsr olunmuş ədəbi məclis keçirilib.

    Tədbirdə görkəmli alimin fars dilindən tərcümə olunaraq 2025-ci ildə Bakıda nəşr olunmuş “Mən və atam” adlı xatirələr toplusunun təqdimatı olub.

    Muzeyin direktoru akademik Rafael Hüseynov Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzsiz xidmətlərindən bəhs edib. O, alimin çoxşaxəli yaradıcılığı, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatları barədə ətraflı məlumat verib. Bildirib ki, Cavad Heyətin zəngin və səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor, eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.

    Akademik Rafael Hüseynov Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin dünyaşöhrətli alimlə olan görüşlərindən danışıb, Cavad Heyətin ikisi fars və beşi türk dilində olan yeddicildlik türkologiya kitabının müəllifi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Cavad Heyət yalnız Vətəni Azərbaycanın, ata yurdu İranın, min bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın vətəndaşı olan nadir insanlardan olub. Çünki o, böyük yolunun başlanğıcında həkimlik sənətini seçib və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz etməkdən ibarətdir. Professor Cavad Heyət 1993-cü ildə İrandan Azərbaycana tibbi və mənəvi dəstək missiyasına başlayıb. O, Birinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı əsgərlərin İranda müalicəsini təşkil edib, həmçinin Kəlbəcərin işğalından sonra Türkiyə Prezidentinə bölgədəki soyqırımı pisləyən və dəstək istəyən məktublar ünvanlayıb. Rəhbərlik etdiyi Tehrandakı “Cavid” klinikasında 150-dən çox yaralı döyüşçümüzün müalicə və əməliyyat olunmasını təmin edib.

    Cavad Heyətin İran və Azərbaycan arasında mədəni, ədəbi və elmi körpü rolunu oynayan ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən akademik Rafael Hüseynov bildirib ki, o, yaratdığı “Varlıq” jurnalı ilə hər iki regionun ziyalılarını bir araya gətirib, milli şüurun oyanmasında və bütövləşmə ideyasının təbliğində müstəsna xidmətlər göstərib. Bu jurnal İranda və bütün dünyada yaşayan Azərbaycan türklərinin milli-mənəvi varlığını isbat edən, qoruyan, yaşadan, zənginləşdirən bir nəşr kimi fəaliyyət göstərib.

    Vurğulanıb ki, 36 il boyunca Cavad Heyət “Varlıq” dərgisini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxıb. O, bu işə sadəcə naşirlik, jurnal buraxmaq kimi baxmayıb. Bunu öz əsas həyati missiyasının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayıb. Cavad Heyət baş redaktor və dəmir intizam sahibi kimi sonacan jurnalın hər sayını əvvəldən-axıracan mütaliə edərək redaktələrini aparıb. Qeyd edib ki, Cavad Heyət həm də mükəmməl bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı olub. Alim bu istiqamətlərin hər birinə aid köhnəlməz, masaüstü olmağa layiq əsərlər yazıb. O, Cavad Heyətin millətin könlündə və tarixin bağrında əbədi abidə yaratdığını vurğulayıb. Akademik Rafael Hüseynov həkim-alimin ”Atam və mən” adlı xatirələr toplusundan da bəhs edərək sözügedən nəşrdə bu mötəbər ailə haqqında ətraflı məlumatların yer aldığını söyləyib. Bildirib ki, Cavad Heyət dövrünün tanınmış ziyalısı və dövlət xadimi olan Mirzə Əli Heyətin 9 övladından biri olub. İranın dövlətçilik, düşüncə və mənəviyyat həyatındakı seçkin simalardan olan Mirzə Əli Heyət Təbriz məhkəməsinin ilk sədri, İranın Baş prokuroru və daha sonra ədliyyə naziri işləyib.

    Ədəbi məclisin fəxri qonaqları akademik Nizami Cəfərov, tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Esmira Fuad, professor Tofiq Məlikli, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə 1945-ci ildə Güney Azərbaycanda müstəqillik uğrunda vuruşan fədailərdən biri olmuş Firudin İbrahiminin qardaşı oğlu hüquqşünas Firudin İbrahimi, tanınmış heykəltaraş, Xalq rəssamı Natiq Əliyev, mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi Cavad Heyətin şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

    Tədbirdə muzey əməkdaşlarının mövzu ilə bağlı məruzələri dinlənilib.

    Ekspozisiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı professor Cavad Heyətin bir neçə dəfə Ədəbiyyat Muzeyini ziyarət etdiyini bildirib, alimin muzeydə sərgilənən şəxsi əşyaları və arxiv materiallarından bəhs edib.

    Tədbirdə Elmi fondlar şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva isə “Cavad Heyət və Şəhriyar: Varlıqdan doğan mənəvi körpü” mövzusu ətrafında təhlil və araşdırmalarını diqqətə çatdırıb. Qeyd edib ki, İran azərbaycanlılarının mənəviyyat mənbəyinə çevrilən anadilli “Varlıq” jurnalının naşiri, dünyaşöhrətli cərrah, ədəbiyyatşünas-alim Cavad Heyət Şəhriyarın yaradıcılığına xüsusi yer ayırıb, şairin əsərlərini mütəmadi olaraq bu jurnalda dərc etdirib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ