Əməkdar jurnalist, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) “Humanizm carçısı” mükafatı laueratı.
Sizi – müasir mətbuatımızın özünəməxsus dəst-xətti, hamının qəbul etdiyi prinsiplərə uyğun söz demək tövrü və orijinal yaradıcılıq üslubu olan bir yazılı mətbuat nümunəsi ərsəyə gətirmiş həmkarlarımızı ad gününüz münasibətiylə təbrik edirəm. Bu ayın 10-da “Atribut” qəzetinin 23 yaşı tamam olur. Az ömür deyil, maşallah!
Yəni sizin dünyaya gətirərək bu yaşa çatdırdığınız qəzet ötən yay 150 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının 23 yaşlı əsgəridir.
Müdriklər deyiblər ki, dövlət atributlardan başlanır. Yəni ərazi, sərhədlər, paytaxt, bayraq, himn, ordu, pul vahidi və sairə. Bu baxımdan sizin seçdiyiniz ad da uğurludur, keçdiyiniz fəaliyyət yolunuz da.
Geridə qalan 23 ildə ölkəmiz, dövlətimiz, xalqımız və deməli, həm də mətbuatımız son iki əsrin ən mühüm tarixi faktlarına və ictimai-siyasi proseslərə şahidlik etmişdir. Mən cənab Prezident İlham Əliyevin ilk dəfə xalqın böyük əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilməsini, onun rəhbərliyi dövründə dövlətimizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, “Bakı prosesini” , kosmosa rabitə peykləri göndərməyimizi, müxtəlif beynəlxalq təşkilatlara sədrlik etməyimizi, 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsini, 2023-cü ilin payızındakı 23 saatlıq antiterror əməliyyatını, ötən ilin avqustunda Vaşinqtonda imzalanan sənədlərlə Zəngəzur dəhlizinin qarşısındakı maneələri dəf etməyimizi digər bu kimi çoxsaylı faktları nəzərdə tuturam.
Bu faktları sadalamaqda bir məqsədim var. Hörmətli oxuculara xatırlatmaq istəyirəm ki, “Atribut” qəzeti və sonralar bu qəzetin bazasında yaradılmış “Atribut.İnfo” informasiya saytı həmin proseslərin hamısını operativ, obyektiv, ədalətli, ən başlıcası, əsl vətəndaş məsuliyyəti ilə işıqlandırmışdır. 23 illik fəaliyyətiniz sözün həqiqi mənasında təqdirəlayiqdır. Sükanı belə saxlayın, İnşallah!
Mən bu qəzeti bir də ona görə yaxından tanıyıram ki, hər il az qala 15-20 yazıma öz səhifələrində yer verir. Buna görə də minnətdaram.
İnanıram ki, ölkəmizi qarşıda hələ çox böyük uğurlar gözləyir və əminəm ki, siz həmin uğurları da indiyədək nümayiş etdirdiyiniz məsuliyyətlə işıqlandıracaqsınız. 23 yaşınız mübarək. 30 – 40 – 50 illiyinizi də indiki ruhla qeyd edə biləcəyinizi arzulayıram.
Xırdalan şəhəri, 4 may 2026-cı il.
