Sizin reklam burada
Sizin reklam burada
  • El ağsaqqalı, el adamı- HACI FİRUDİN ABAZƏLİYEV

    Ağsaqqallıq hər adama nəsib olmur. Bu ad təkcə yaşla, illərin çoxluğu ilə qazanılmır. Ağsaqqal olmaq üçün insanın ömrü boyu el içində qazandığı hörmət, insanlara göstərdiyi münasibət, çətin gündə yanında olması, sözü ilə əməli arasında vəhdətin olmaması, bir-birini tamamlaması lazımdır. Məhz belə insanların sırasında Hacı Firdun Abazəliyev xüsusi yer tutur.
    Firdun bəyi yeniyetmə çağlarından tanıyıram. Hələ o zamanlardan davranışı, insanlarla münasibəti, böyüyə ehtiramı, kiçiyə qayğısı ilə seçilən insanlardan idi. El arasında bir deyim var: “Ot gah-gahıdır. Ya yolun üstündə bitər, ya altında, amma öz kökü üstə bitər.” İnsan da elədir. Kiminin vəzifəsi dəyişər, imkanı artar, məqamı yüksələr, amma xarakteri dəyişməz. Firdun bəy də məhz öz kökü üstə bitən, haradan gəldiyini, kimlərin içindən çıxdığını heç vaxt unutmayan insanlardandır.
    Yardımlıda İsmayıllılar nəslinin layiqli davamçılarındandır. Düzdür. O nəsldə demək olar hamının öz yeri, hörmət, izzəti olan insanlardır. Elə Firdin bəyin qardaşları Nurəddin bəy, rəhmətlik Fəxrəddin bəy də Yardımlının sayılıb-seçilənlərindəndir. Onlardan sonra gələn gənc nəsl də…
    O, müxtəlif yüksək vəzifələrdə çalışdı, böyük məsuliyyətlər daşıdı. Lakin vəzifə onu dəyişmədi. Təəssüf ki, bəziləri kiçik bir məqam əldə edən kimi özünü əlçatmaz göstərməyə çalışır, insanlara yuxarıdan baxır, sadəliyini itirir. Amma Firdun bəy heç vaxt belə olmadı. Onun qapısı da, ürəyi də insanlara həmişə açıq oldu. İmkanlı ilə imkansız arasında fərq qoymadı. Yanına gələn hər kəsi eyni səmimiyyətlə qarşıladı, eyni diqqətlə dinlədi. Böyüklə böyük oldu, kiçiklə kiçik. Hər kəsin dili ilə danışmağı, hər kəsin dərdini öz dərdi kimi qəbul etməyi bacardı.
    Elə buna görə də insanlar onu sadəcə vəzifə sahibi kimi deyil, el adamı kimi qəbul etdilər. Çünki insanın böyüklüyü kreslosu ilə yox, böyük ürəyi ürəyi, elinə, obasına, cəmiyyətə, insanlara faydası, verdiyi töhfə, BÖYÜKLÜYÜ bacarması, BÖYÜK İNSAN OLMAQ bacarmağı ilə ölçülür. Firdun bəy isə öz sadəliyi, təmənnasızlığı, əl tutmağı, xeyirxahlığı ilə insanların qəlbində özünə əbədi yer qazandı. O, vəzifə zirvəsindən daha uca bir zirvəyə- İNSANALIQ ZİRVƏSİNƏ yüksəldi. Bu zirvəyə qalxmaq isə hər adama nəsib olmur. İstək ola bilər, cəhdlər ola bilər, amma gərək bunu bacarasan. Ada layiq olsana ki, ad da səni bu zirvələrə yüksəldə... Amma Firudin bəy bacardı… Bu adı haqq etdiyi üçün...
    Firdun bəyi tanıyanlar yaxşı bilir ki, o, təkcə xeyirxah və qayğıkeş insan deyil, həm də doğma Yardımlının canlı ensiklopediyasıdır. Yardımlının tarixini, kəndlərini, soy-kökünü, insanlarını, onların nəsl-nəcabətini, keçmişini elə bilir ki, sanki illərin yaddaşı onun hafizəsində yaşayır. Onunla söhbət edəndə təkcə bir insanı deyil, bütöv bir bölgənin tarixini dinləmiş olursan. Bu isə nadir insanlara məxsus xüsusiyyətdir. Çünki hər kəs yaşadığı torpağı sevə bilər, amma hər kəs onun yaddaşına çevrilə bilmir.
    Firdun bəy hələ gənc yaşlarından el ağsaqqalı missiyasını öz çiyinlərinə götürmüşdü. Bu missiya ona sonradan verilmədi, bu, onun xarakterindən, mənəviyyatından, davranışından doğdu. İnsanlar ona yaşına görə yox, ağlına, təcrübəsinə, ədalətinə, dürüstlüyünə görə ağsaqqal dedi. O da bu adı ömrü boyu ləyaqətlə daşıdı.
    Bu gün cəmiyyətimizin ən böyük ehtiyaclarından biri məhz belə insanlardır-sözü keçən, amma sözünü ucaltmayan; hörmət qazanan, amma bunu nümayiş etdirməyən; insanlara dayaq olan, amma bunu reklam etməyən insanlar. Firdun Abazəliyev kimi şəxsiyyətlər bir elin mənəvi sütunu, milli dəyərlərin canlı daşıyıcısıdır. Belə insanlar olduğu müddətdə elin-obanın yaddaşı, mənəviyyatı, ağsaqqallıq ənənəsi yaşayacaq.
    Çünki bəzi insanlar sadəcə yaşayır, bəzi insanlar isə yaşadıqları ömrü mənaya çevirirlər. Firdun Abazəliyev məhz ömrünü mənaya çevirən insanlardandır.
    Bu gün Firudin bəyin doğum günündür. Təbrik edirik və ona Uca Allahdan can sağlıqlı, bərəkətli ömür, hər zaman zirvələrdə olmağı arzu edirik.



    Mürtəza Bünyadlı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ