Onun sənəti sadəcə ekranla məhdudlaşmırdı. O, yaratdığı obrazlarla xalqın yaddaşına həkk olunmuş, qəhrəmanlıq, ləyaqət və milli ruhun canlı simvoluna çevrilmişdi. Hər bir rolunda o, yalnız bir aktyor kimi deyil, həm də bir dəyər daşıyıcısı kimi çıxış edirdi. Onun canlandırdığı obrazlar bir nəslin dünyagörüşünü formalaşdırdı, yaddaşımızda silinməz iz qoydu.
Bəzən belə böyük şəxsiyyətlər aramızda olanda onların varlığını tam hiss etmirik. Amma onlar dünyadan köçdükdə, onların yaratdığı boşluğun nə qədər dərin olduğunu anlayırıq. Bu boşluq təkcə sənətdə deyil, həm də cəmiyyətin mənəvi dünyasında hiss olunur.
Kaş ki, belə insanlar daha çox yaşasın, daha uzun müddət cəmiyyətimizin içində olsun. Çünki onlar yalnız sənət yaratmır, həm də ruh verir, istiqamət göstərir, milli kimliyimizi gücləndirirlər. Bu gün isə bir daha anlayırıq ki, belə dəyərli insanları yalnız itirdikdən sonra deyil, yaşadıqları müddətdə də daha çox qiymətləndirmək lazımdır.
Fürsətdən istifadə edərək, Azərbaycanımızın bütün dəyərli insanlarının — yaşayan və dünyasını dəyişmiş böyük şəxsiyyətlərinin əziz xatirəsinə dərin ehtiram və sevgimi bildirirəm.
Ruhun şad olsun, #USTAD!. Sizin yaratdığınız obrazlar, yaşatdığınız dəyərlər və qoyduğunuz iz heç zaman unudulmayacaq.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
