Sizin reklam burada
Sizin reklam burada
  • Aşıq Şəmşirin yurdu, sənət beşiyi Kəlbəcər indi azaddır

    Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək, ərsəyə gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarından biri olaraq ölkəmizin milli mədəniyyət tarixində öz dəstixətdi ilə silinməz izlər buraxmışdır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olmuş, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətlərini və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.
    Ümummilli lider Heydər Əliyev tərəfindən xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olan Aşıq Şəmşirin yaradıcılığına xüsusi diqqət və qayğı göstərilmiş, xalq tərəfindən "Dədə Şəmşir" ünvanına laiq görülən Qocayev Şəmşir Qurban oğluna, "Əməkdar incəsənət xadimi" fəxri adı layiq görülmüşdür. 1973-cü ildə Ulu Öndərin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş və o "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəqillik illərində də dövlət qayğısı daim hissedilmiş, 2003-cü ildə Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş və büstü ucaldılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Aşıq Şəmşirin mədəni irsinə yüksək qiymət verərək "Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında" 2 aprel 2018-ci il tarixində Sərəncam imzalamışdır. Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş Kəlbəcərimiz düşmən tapdağından azad olmuşdur. Saz-söz sənətinin dahi ustadı, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yurdu, sənət beşiyi Kəlbəcər indi azaddır.
    Əminliklə qeyd etməliyəm ki, cənab prezidentin mədəniyyət siyasəti bu gün də layiqincə davam etdirilir və Mədəniyyət Nazirliyi tərəfindən zəruri olan bütün addımlar atılır. Şüphə yoxdur ki, Aşıq Şəmşir məktəbi Kəlbəcərdə yeni-yeni saz-söz sərrafları yetişdirəcək və bizlər Dədə Şəmşirin əziz xatirəsini doğma Kəlbəcərimizdə qeyd edəcəyik. Allah rəhmət eləsin.

    *

    Cavanlar oynayır çöldə-bayırda,
    Mən də pəncərədən baxıram evdə.
    Dizim tutmur, qocalığın əlindən
    Könlümü odlara yaxıram evdə.

    Tərlan könlüm şikar almır sar kimi,
    Soluxuram şaxta vurmuş bar kimi.
    Xəstə üçün gətirilmiş qar kimi
    Əriyib oçağa axiram evdə.

    Yoxuşlanıb indi mənə dolayım,
    Yoxdu başımdakı məclis, alayım.
    Elə bil sürtülüb, gedib qalayım,
    Köhnə qazan kimi paxıram evdə.

    Şəmşirəm ağarıb saçım, saqqalım,
    Qocalıq üz verib, pozulub halım.
    Bir yorğun ovçuyam, qaçıb maralım,
    Tüfəngi yalandan çaxıram evdə.


    Hazırladı: Dədə Şəmşir ocağının közünü ömür arxivində yaşadan
    Aqil Məmmədov
    VI çağırış Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ