Hikmət Məlikzadə
Qatarın dönəcək vallah...
Mətin, mübariz, mühafizəkar, sədaqətli... insan, dəyərli qələm adamı, fitri jurnalist Natella Asenaya həsr olunur.
Mən səndən küsməyi bacarmadım heç,
Soruş, sənə görə üzgünəm bəlkə?...
Bir dön, aç gözünü, yaxşı-yaxşı bax,
Mən sənin məhəbbət güzgünəm bəlkə?
Köksündən qəm getmir nədənsə, hələ,
Qatarın dönəcək vallah, əzizim.
Hərəyə bir görkəm – bir surət verib,
Nə gözəl rəssamdır Allah, əzizim.
Ruhun hisə batmış şamdı elə bil,
Ərimək xofu var şamın da hələ.
...O evi sökməyə tələsmə, çünki
Sərçə yuvası var damında hələ.
Dərdindən öldüyüm qadın ta köçüb,
Sən bu saxsı camı az doldur, saqi.
Kimin sağlığına içim ki, indi,
Gəl, bu boş ürəyi yaz, doldur, saqi.
...Bilet də alıblar, qatar da hazır,
Gedim nə deyim ki, qadına, gedim?
Az güd bu gözləri, özünə gəl ta,
Rəvadı, bu eşqin badına gedim?
Bir ətək pul ola, bir az da sevgi,
Görəsən həyatın şövqündə nə var.
Eşq acı şeydisə, niyə sevirsən?
Nə var ki, bu canın fövqündə, nə var?
Bəlkə öz-özümlə baş-başa qalım?
Bəlkə bu inciklik mənə görədi?
Mən dava adamı deyiləm ki, qız,
Bu balta yerləri sənə görədi.
Yenə nə çox döyür qapımı külək,
Qürub et, ey duman, çən, yoxsan axı.
Şəhər böyük gəlir bu səhər mənə,
Çox şey itirmişəm, sən yoxsan axı.
Bir od çabalayır içimdə yenə,
Ya mizrabdan qopub, ya tarındı bu.
Tüstü izləri var başımın üstə,
Küsülü mindiyin qatarındı bu.
Dəli deyirlərsə özünü üzmə,
Hərə bir biçimdə dəlidi onsuz.
Duam qəbul oldu, ya olmadı, keç,
Günah təmənnalı zəlidi onsuz.
Qapısı çürüyüb, şüşələri yox,
Bu uçuq komaya ev deyir yetən.
Mən bəlkə sevməyi bacarmıram heç,
Mənə Kərəm kimi sev deyir yetən...
Kəndiri qısadı dar ağacımın,
Götür bu iynəni batır bayıra...
Bu dünya kirayə ev kimi şeydi,
Nə vaxtsa çıxarıb atır bayıra.
Sən məni üç kərə ölümdən aldın,
Hərdən inad etdim, sözlərim küsdü.
Sənin gözlərini sevdim eləcə,
Nə vaxt yada baxdın gözlərim küsdü.
Heyif, eşq daşları uzağa düşür,
Eh, təzə sevəndə sıxılır adam.
Sevgi göz görməyən çəpər kimidi,
Bəlkə buna görə yıxılır adam?
Mən səndən küsməyi bacarmadım heç,
Soruş, sənə görə üzgünəm bəlkə?...
Bir dön, aç gözünü, yaxşı-yaxşı bax,
Mən sənin məhəbbət güzgünəm bəlkə?
1-8 iyul 2026-cı il
