Qax rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə rayon saklərinə əsl bayram ovqatı yaşadan möhtəşəm konsert proqramı keçirilib. Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından ulu öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi ehtiramla yad edilib.
"Atributinfo.az" xəbər verir ki, Rayonun Bayraq Meydanında təşkil olunan tədbirdə rayon rəhbərliyi, Yap rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbər və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, əmək kollektivləri və ictimaiyyət nümayəndələri, çoxsaylı rayon sakinləri və qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon sakinlərini Zəfər Günü münasibətilə təbrik edib, bu tarixi Qələbənin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər milli birliyimizin, xalqımızın iradəsinin və qəhrəman əsgər və zabitlərimizin şücaətinin təntənəsidir. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və bütün xalqımızın həmrəyliyi bahasına əldə olunub.
Çıxış zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı, qazilərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlığın heç zaman unudulmayacağı qeyd edilib. Zəfərin qorunmasının, onun tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğu diqqətə çatdırılıb.
Tədbirdə şəhid atası Rafiq Hacıyev və müharibə iştirakçısı, qazi Famil Siraclı da çıxış edərək Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, qazanılan tarixi Qələbənin xalqımız üçün daşıdığı mənəvi əhəmiyyətdən danışıblar. Onlar şəhidlərin xatirəsinin uca tutulmasının, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıblar.
Bayram tədbiri daha sonra rəngarəng və möhtəşəm konsert proqramı ilə davam edib. Konsertdə respublikanın tanınmış incəsənət ustaları – Xalq artistləri Samir Cəfərov və Aygün Bayramova, əməkdar artistlər Könül Kərimova, Ramil Qasımov, tanınmış müğənnilər Sahib İbrahimov, Mehin Hümbətova və Aydın Sani öz ifaları ilə çıxış ediblər.
Vətənə, torpağa, qəhrəmanlığa və Zəfərə həsr olunmuş mahnılar, sevilən sənətkarların ifaları və rayonun yaradıcı kollektivlərinin təqdim etdiyi musiqi nömrələri Bayraq Meydanına toplaşan sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Konsert proqramı bayram sevincini, milli qürur və həmrəylik ruhunu özündə birləşdirərək iştirakçılara unudulmaz anlar yaşadıb.
Konsert proqramının sonunda Zəfər Gününün təntənəsinə xüsusi rəng qatan möhtəşəm atəşfəşanlıq təşkil olunub. Səmaya yüksələn rəngarəng atəşfəşanlıq bayram gecəsinə xüsusi möhtəşəmlik bəxş edib.
Qaxda keçirilən bayram konserti xalqımızın tarixi Zəfərinə olan sonsuz qürurunun, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramının, qazilərimizə minnətdarlığının və milli birliyimizin parlaq ifadəsinə çevrilib.
Zəfər xalqımızın qürur tarixidir! Bu tarix daim yaşayacaq, gələcək nəsillərə qürur və iftixar mənbəyi olacaqdır!
Bəradər,
Zahir
"Atributinfo.az"
