Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” fikri bayrağımıza olan ehtiramın təcəssümüdür.
Özündə “Türkçülük, müasirlik və islamçılıq” ideyalarını birləşdirən Azərbaycan bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bayrağımızı qürur mənbəyimiz adlandıraraq deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas göstəricilərindəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər torpaqlarımızda qürurla dalğalanır. 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.
