Sizin reklam burada
Sizin reklam burada
  • Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə olunub.


    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. O, çıxışında yeni Dövlət Proqramının ölkənin ərzaq təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə yaratdığı imkanlardan bəhs edib. Qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalının və məhsuldarlığın artırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi, müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqi, elmi nəticələrin istehsalata inteqrasiyası ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amillərdəndir. Natiq vurğulayıb ki, bu istiqamətdə aqrar elmin qarşısında mühüm vəzifələr dayanır və institut Dövlət Proqramının hədəflərinə uyğun olaraq elmi-tədqiqat fəaliyyətini istehsalın real tələbləri ilə daha sıx əlaqələndirməlidir. Bu baxımdan pambıqçılıqda məhsuldarlığın artırılması, istehsalın elmi əsaslarla dəstəklənməsi, bitki mühafizəsində müasir və səmərəli yanaşmaların tətbiqi, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin olunması və elmi nəticələrin təsərrüfatlarda tətbiqinin genişləndirilməsi qarşıdakı dövrdə diqqət yetiriləcək əsas istiqamətlər kimi qeyd olunub.

    Ələddin Tağıyev Dövlət Proqramında pambıqçılığın inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərin həyata keçirilməsində elmi tədqiqatların rolundan, məhsuldarlığın artırılması və müasir becərmə texnologiyalarının tətbiqi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib.

    Mahal Kazımov, Səbuhi Eldarov, Sevinc Məhərrəmova, Xəyalə Abbasova və Qabil Bayramov isə Dövlət Proqramından irəli gələn vəzifələr çərçivəsində seleksiya və toxumçuluq işlərinin təkmilləşdirilməsi, genetik ehtiyatların qorunması, bitki mühafizəsi tədbirlərinin gücləndirilməsi, inteqrir mübarizə üsullarının tətbiqi və ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi istiqamətində görüləcək işlər barədə çıxış ediblər.

    Tədbir çərçivəsində Dövlət Proqramının məqsəd və prioritet istiqamətləri, aqrar sahənin elmi təminatının gücləndirilməsi, elmi-tədqiqat nəticələrinin istehsalata tətbiqinin genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və institutun qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Müzakirələr zamanı Dövlət Proqramında nəzərdə tutulan hədəflərin reallaşdırılmasında institutun elmi potensialından daha səmərəli istifadə olunmasının, tədqiqatların praktiki səmərəliliyinin artırılmasının və elmi yeniliklərin istehsalata tətbiqinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, aqrar sahədə çalışan mütəxəssislərin və fermerlərin müasir elmi yanaşmalar və innovativ texnologiyalar barədə məlumatlandırılması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

    Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin institutun fəaliyyət istiqamətləri üzrə sistemli şəkildə həyata keçirilməsi, qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi və nəzərdə tutulan işlərin icrasının əlaqələndirilməsi ilə bağlı müvafiq tapşırıq və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ