Yazıçı-dramaturq Arif Mədətovun “Həqiqət” və “Aylı gecə” pyesləri haqqında məqalələr hazırladığıma görə “Sezarın taleyi” əsəri haqqında nə isə yazmaq fikirim yox idi. Ancaq bu əsəri də oxumaq istəyirdim ki, yazıçının gələn ay keçiriləcək yubileyində deməyə sözüm olsun.
Pyesi oxudum. Əsərdəki hadisələrin gedişatını diqqətlə izlədim. Kitabı büküb yazı stolumun üstünə qoyandan sonra Arif müəllimin tarixin ən məşhur simalarından biri haqqında söz demək cəsarətini təqdir etdim. Həmin məqamda hələ gənclik illərimizdən şahidi olduğum bir məqam yadıma düşdü.
Ötən əsrin yetmişinci illərində Bayılda, Neftçilərin mədəniyyət sarayında “Müşfiq bulağı” adlı Ədəbi birlik fəaliyyət göstərirdi. Mənim həmin tədbirlərin hansındasa oxuduğum şeirimin bir bəndi belə idi:
“Mənə söz verin dostlar,
Qısa bir sağlıq deyim –
Dənizi içsin Günəş
Söylədiyim sağlığa...”
O zaman bizim kimi tələbə olan, sonralar professor alimlik dərəcəsi qazanmış dostumuz Yaşar Məmmədov dedi ki, Günəşin dənizi içməsi ifadəsi “Avesta”da var. Bu irada məclisin aparıcısının cavabı çox maraqlı idi: – Əgər kənddən gəlib İncəsənət İnstitutunun birinci kursunun tələbəsi olan İttifaq “Avesta”nı oxuyub, oradan bəhrələnibsə, gənc dostumuzun bu uğuru təqdir olunmalıdır. Yox, əgər həmin ifadə Mirzəbəylinin öz təxəyyülünün məhsuludursa, onda ikiqat təqdir olunmalıdır.
Həmin arqumenti dilə gətirməkdə məqsədim odur ki, Arif Mədətov bu əsəri qələmə alarkən Yuli Sezar haqqında yazılmış şoxsaylı elmi, tarixi, bədii əsərləri oxuyub, onlardan bəhrələnibsə, məmnunedici faktdır. Çünki son zamanlar ədəbi tənqidçilərdən “Yazıçılar öz əsərlərindən başqa heç bir əsəri oxumurlar” – ifadəsini tez-tez işlədirlər. Yeri gəlmişkən, Arif müəllimlə şəxsi söhbətlərimiz zamanı mən onun mütaliəli adam olduğunun şahidinə çevrilirəm.
“Avesta” söhbətinin ikinci hissəsinə gəlincə isə, Arif Mədətov Yuli Sezar haqqında olan əsərləri oxumadan özü belə bir mükəmməl pyes ərsəyə gətiribsə, onda fakt ikiqat təqdir olunmalıdır. Müəllifin bu əsəri haqqında “mükəmməl pyes” ifadəsini işlədərkən köhnə dostlarımızdan birinin, teatr xiridarı Etibar Cəbrayıloğlunun hələ 2009-cu ilin aprel ayında “Ədalət” qəzetində verilmiş bir yazısına istinad etmək yerinə düşərdi.
Bu müəllifin Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənovla müsahibəsində belə bir sual da var idi:
– Teatr daha bir yeni tamaşanı təhvil verib. İndi hamı “Sezarın taleyi”ndən danışır...
– Arif Mədətovun “Sezarın taleyi ” tamaşasına ictimai baxış oldu. Əsərə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevlə mən birlikdə quruluş vermişik. Müəllifin iştirakı ilə keçirilən ictimai baxışda tamaşa müsbət qarşılandı. İnanıram ki, tamaşaçılarımız Əlibala Əsgərovun (Sezar), Qızılgül Quliyevanın (Kleopatra), Adil Zeynalovun (Brut), Sücəddin Mirzəyevin (Antoni), Allahverən Babayevin (Siseron) və Elnur Əkbərovun (Kimvar) ifasından razı qalacaqlar.
... Bu əsəri qələmə almaq üçün sadəcə, cəsarət lazım idi. Çünki, həm yuxarıda qeyd etdiyimiz kimi, Sezar haqqında yazılmış əsərlər çoxdur, həm də müəllif tarixi və ya elmi əsər yazmırdı ki, konkret faktları, xronologiyanı sadalamaqla işini bitmiş hesab etsin. Arif Mədətov məşhur diktator haqqında bədii əsər yazırdısa, oraya mütləq öz təxəyyülünün məhsulu olan incəliklər də əlavə edilməli idi və edilib.
Mən bu zaman “Sezarın taleyi”ndə rast gəldiyim iki məqamın üstündə durmaq istəyirəm. Daha doğrusu, Azərbaycan nəsrinin, dramaturgiyasının ənənələrindən bəhrələnildiyini göstərən iki detalı yada salmaq istəyirəm. Birinci məqam dialoq lakonikliyidir. Məsələn: Abdulla Şaiqin “Araz” romanında belə bir dialoq var:
– “Araz kimdir?
– Mən.
– Düş qabağımıza.
– Hara?
– Çar düşmənləri gedən yerə.
– Çar düşmənləri fabriklərə, zavodlara, mədənlərə gedirlər.
– Bir başqasını unutdun. Çar düşmənləri həm də zindanlara və sürgünlərə gedirlər.”
Arif Mədətovun adı çəkilən əsərində isə oxuyuruq:
Antoni: -- Mən heç vaxt Sezarın əmrinə qarşı çıxa bilmərəm.
Brut: -- Qulaq as, Antoni.. Bu yolun sonu zülmətdir.
Antoni: -- Zülmətdə işıq daha aydın görünür.
Brut: -- Amma zülmət işığı boğa bilər.
Yada salmaq istədiyim ikinci məqam müəllifin öz fikirlərini ehkam kimi qəbul etdirməməsidir.
Məsələn, Cəfər Cabbarlının “Od gəlini” əsərinin finalına diqqət yetirək:
“Bir tərəfdə Solmaz,o birində Aqşin, qarşıda Qorxmaz və Gülgün Elxanın ayaqlarında dərin bir sükutla dar ağacına dayanmış, bütün səhnə tərpənməz bir görkəmlə durmuşkən, ta uzaqlardan eşidilən “La ilahə illəllah!” və Xürrəm şəhərindən qalxan qızıl qırpıq yanğın işıqları altında pərdə enirkən.
Aqşin: –Doğrudan da, Allah vardırmı?”
(Bu sualı illər boyu “Allah var!” deyən kəsin dilindən eşidirik.
İndi isə “Sezarın taleyi”nin finalına diqqət yetirək:
Siseron: -- Heç bir daxili düşmən bizi bu yoldan döndərə bilməz. Yaşasın Respublika! Yaşasın demokratiya! Yaşasın Roma!
Brut: -- Dorudanmı xalqa demokratiya lazımdır?
( Bu sualı isə demokratiya uğrunda mübarizə aparıb hökmdarı öldürən şəxslərdən biri zala xitabən verir). Bu isə “Söz sizindir, ay taşaşaçılar, ey oxucular, deməkdir.
Arif Mədətov yaşca o qədər də cavan adam deyil. Yəni on illər boyu ölkəmizdə və regionda gedən ictimai-siyasi proseslər onun gözünün qabağında baş verib. Elə ona görə də əsərin sonunda “Dorudanmı xalqa demokratiya lazımdır?” sualını verməyə özündə güc tapır.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
