Sizin reklam burada
Sizin reklam burada
  • Komitələrin birgə iclasında

     Oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib.

    Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev birinci məsələnin “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) olduğunu deyib. O bildirib ki, layihə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

    Diqqətə çatdırılıb ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.

    Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları təsbit edilir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.

    Arzu Nağıyev həmçinin qeyd edib ki, layihədə məlumat verən şəxslərin və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, onların məlumatlarının konfidensiallığının qorunması, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək kimi hüquqları müəyyən edilib. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi nəzərdə tutulub.

    İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, belə bir sənədin Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə korrupsiyaya qarşı effektiv tədbirlərin görüldüyü söyləyib. Təqdim olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin zəruriliyindən və əhəmiyyətindən danışıb.

    Layihə ətrafında aparılan müzakirələrdə hər iki komitənin sədr müavinləri Qüdrət Həsənquliyev və Elşən Musayev, üzvləri Samir Vəliyev, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Nurlan Həsənov, Gülşən Paşayeva, Kamal Cəfərov çıxış edərək fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Komitə sədrləri Arzu Nağıyev və Əli Hüseynli deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

    Sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

    Bildirilib ki, layihədə sözügedən məcəllə və qanunlara “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulan mexanizmlərin həyata keçirilməsi üçün müvafiq dəyişikliklər təklif olunur.

    Belə ki, sənəddə məlumat verən şəxsin öz razılığı ilə şahid qismində dindirilməsi, həmçinin onun özünün və yaxınlarının dövlət tərəfindən müdafiə olunan və hüquqi yardım göstərilən şəxslərin dairəsinə daxil edilməsi kimi məsələlər nəzərdə tutulur.

    Tədbirin sonunda gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    İclasda deputatlar Azər Kərimli, Erkin Qədirli, Səbinə Salmanova, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.


    Milli Məclisin Mətbuat və 

    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ