Zəngin floraya malik olan Qax rayonu da Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Regionun zəngin meşə örtüyü, dağlıq relyefi və qədim arıçılıq ənənələri “Qax balı”nın müstəqil bir brend kimi formalaşması üçün bütün zəruri komponentlərə malikdir. Son illər rayonda arıçılığın inkişafı istiqamətində məqsədyönlü iş aparılır.
"Atributinfo.az" xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon ərazisində fəaliyyət göstərən APİ DELTA GROUP MMC-yə və bir neçə arıçılıq təsərrüfatına baş çəkərək mövcud vəziyyət, istehsal prosesi və mövsüm ərzində görülən işlərlə tanış olub.
Görüş zamanı RİH başçısı Elvin Paşayev 2026–2030-cu illəri əhatə edən dövlət proqramında müəyyən edilmiş hədəflərin icrasının əhəmiyyətini vurğulayaraq, müasir texnologiyaların tətbiqi, damazlıq işinin təkmilləşdirilməsi, keyfiyyətli bal istehsalının artırılması və arıçıların dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.
Arıçılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, təsərrüfatlarının gələcək inkişafı ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Məlumat üçün qeyd edək ki, hazırda rayonda 920 təsərrüfatda 28648 arı ailəsi mövcuddur. Arıçılıqda-damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətində görülən işlərin nəticəsi kimi son illərdə rayonda arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunmaqdadır.
Damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılması arıçılığın inkişafında mühüm rol oynayır. Bu gün arıların cins tərkibinin yaxşılaşdırılması arıçıların ən ümdə məsələsidir. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə düzgün qulluq edilməsidir.
Bəradər,
Zahir
"Arributinfo.az"
