"Atributinfo.az" məlumat verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlanan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi yad edilmişdir.
İcra başçısı Qəzənfər Ağayev rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirmiş, fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini qeyd etmişdir. Rayonun yaşayış məntəqələrində mütəmadi olaraq keçirilən səyyar qəbullarda ağsaqqalların verdiyi təklifklərə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığını vurğulamışdır. Cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının rayonda uğurla icra edilməsində cəmiyyətin digər təbəqələri ilə yanaşı ağsaqqalların aparıcı rolundan danışmışdır.
Bildirmişdir ki, 2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmiş və Dövlət Proqramları təsdiq edilmişdir. Həmin ildən başlayaraq rayona xarici ölkələrdən yeni məhsuldar sitrus tingləri gətirilərək intensiv sitrus bağlarının salınmasının əsası qoyulmuş, nəticədə sitrus meyvə bağlarının sahəsi iki dəfədən çox artırılaraq 2 min hektardan 4500 hektara çatdırılmışdır.
25 may 2026-cı il tarixdə cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmiş, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. İnanıram ki, bu proqramın da rayonumuzda uğurla icra olunmasında ağsaqqallarımız dəyərli məsləhətlərini verəcək və qarşıya qoyulan vəzifələrin həllində fəallıq göstərəcəklər.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren Azərbaycanın qazandığı nailiyyətlər barədə iştirakçıları məlumatlandırmış, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən qlobal layihələr barədə danışmışdır. Bu yeni dövrdə uğurların qazanılmasında yaşlı nəslin nümayəndələrinin ön sırada olmasını, gənclərimizi dövlətçilik, Vətənə məhəbbət ruhunda tərbiyə edərək istiqamətləndirmələrini yüksək dəyərləndirmiş, bu işdə davamlı fəaliyyət göstərməyi arzulamışdır. Bildirmişdir ki, daim diqqətimizdə olan ağsaqqallarımızla həmişə olduğu kimi bundan sonra da əl-ələ verərək ölkəmizin inkişafı, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, bütün məqsədlərimizə nail olacağıq.
Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov konfransda hesabat məruzəsi ilə çıxış etmiş, Ağsaqqallar Şurasının təftiş komissiyasının sədri Seyran Babayev təftiş komissiyasının hesabatını təqdim etmişdir.
Konfransda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının və təftiş komissiyasının sədrləri səsvermə ilə seçilmişlər.
Astara şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Heybət Hüseynov, Astara Pedaqoji Kollecin direktoru Kamran Kazımov, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Maşxan kənd Ağsaqqallar Şurasının sədri Qadir Məmmədov və başqaları konfransda çıxış etmişlər. Respublika Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı inkişaf etdirərək müasir, hüquqi, demokratik, dünyəvi bir dövlətə çevirməsindən danışmış, həmçinin ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə suveren dövlətimizin inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
