Milli Məclisin deputatı
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində başlayan döyüşlər Azərbaycan Ordusunun peşəkarlığını, xalqın milli birliyini və dövlətin qətiyyətli mövqeyini bütün dünyaya nümayiş etdirdi.
Tovuz döyüşləri işğal altında olan ərazilərdə deyil, iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədində baş verməsi ilə xüsusi əhəmiyyət daşıyırdı.
Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusu qətiyyətlə cavab verdi, düşmənin canlı qüvvəsinə və hərbi infrastrukturuna ciddi zərbələr endirdi, onun hücum planlarını puça çıxardı. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa və dövlət sərhədlərini etibarlı şəkildə qorumağa qadirdir.
Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun igid zabit və əsgərləri misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynalov və Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuşlar Elçin Mustafazadə və Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda canlarından keçərək əbədiyyətə qovuşdular. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayır və gənc nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Xüsusilə general-mayor Polad Həşimovun ön cəbhədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olması xalqın dərin hüznünə səbəb oldu. Minlərlə insan şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi, Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirdi və ölkədə misilsiz xalq–ordu–dövlət birliyi formalaşdı. Bu birlik sonradan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mənəvi və siyasi əsaslarından birinə çevrildi.
Sözsüz ki, Tovuz döyüşlərini 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinin mühüm siyasi və hərbi başlanğıc nöqtələrindən biri kimi qiymətləndirilir.
Bu döyüşlər zamanı Azərbaycan Ordusu öz döyüş qabiliyyətini, müasir silah sistemlərindən səmərəli istifadə bacarığını və yüksək peşəkarlığını nümayiş etdirdi. Eyni zamanda, beynəlxalq ictimaiyyət Ermənistanın növbəti hərbi təxribatının şahidi oldu.
Tovuz döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin qorunması xalqımız üçün ən ali dəyərdir. Həmin günlərdə ölkənin hər yerində yüz minlərlə insan Azərbaycan Ordusuna dəstəyini ifadə etdi, minlərlə gənc könüllü olaraq hərbi xidmətə yazılmaq üçün müraciət etdi. Bu həmrəylik milli ruhun və vətən sevgisinin parlaq təcəssümünə çevrildi.
Altı il sonra Tovuz döyüşlərinə nəzər salarkən aydın görünür ki, həmin günlər yalnız hərbi qarşıdurma deyil, həm də Azərbaycanın Böyük Zəfərinə aparan yolun mühüm mərhələsi idi. Bu döyüşlər xalqımızın sarsılmaz iradəsini, Ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata kçeirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail oldu. Məhz Tovuz döyüşləri və ondan öncəki dövrlərdə
Azərbaycan Ordusunun təxribatlara cavab olaraq qarşı tərəfə vermiş olduğu layiqli cavab xalqımızın mübarizə əzminin və keçmiş işğal faktı ilə heç vaxt barışmamaq prinsipinin açıq təzühürü idi. Bu gün isə Azərbaycan Ordusu öz sərhədlərimizdə qürurla dalğalanan şanlı bayrağımızın keşiyində keçik çəkir.
Xalqımız Tovuz döyüşlərində, Vətən müharibəsində və Antiterror tədbirlərində bir daha dünyaya özünün birliyini, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdiyini əyani şəkildə sübut etmiş oldu. Sözsüz ki, bu birlik, bu güc əbədiyyətə qədər davam edəcəkdir.
Bu gün Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilir. Onların göstərdikləri qəhrəmanlıq, Vətənə sədaqət və fədakarlıq Azərbaycan tarixinin qızıl səhifələri sırasinda daxil yaşayacaq.
