Qeyd etmək lazımdır ki, tütün bitkisi də canlı orqanizm olaraq ən müxtəlif zərərli orqanizmlərlə yoluxur, nəticədə məhsuldarlığa və istehsal edilən məhsulun keyfiyyətinə zərər dəyir. Belə mənfi amillərdən biri də tütündə yalançı unlu şeh və ya peronosporoz xəstəliyidir. Kifayət qədər geniş yayılma arealına malik olmaqla, yüksək zərərlidir. Ədəbiyyat mənbələrində göstərilir ki, bu xəstəlik ilk dəfə 1800- cü illərdə Avstraliyada qeydə alınsa da , hazırda tütün becərən bütün ölkələrdə, o cümlədən Cənub-Şərqi və Şərqi Amerika, Kanda, Karib dənizi ilə sərhədləri olan ölkələrdə, Rusiyanın Şimali Qafqaz, Mərkəzi Qaratorpaq zonasında, Türkiyə, Moldova, Ukrayna və s.ölkələrdə rast gəlinir. Azərbaycanın da yazı rütubətli keçən rayonları üçün məhsuldarlığa real zərbə vurur. Ədəbiyyat məlumatlarına görə bu xəstəliyin təsirindən məhsul itkisi 50%, epifitotiya illərində isə 70%-ə çatır.
Tütün bitkisində yalançı unlu şeh və ya peronosporoz xəstəliyini yalançı göbələk hesab edilən Peronospora hyoscyami f. sp. tabacina ( Adam.) Skalicky (1964) törədir. Yalançı və ya psevdo göbələk Xromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırasındandır. Obliqat parazitdir, canı toxuma ilə qidalanır, süni qida mühitlərində becərilmir.
Patogenin morfologiya və biologiyası. Bitkilər bütün vegetasiya müddəti bu xəstəliklə yoluxa bilirlər. Şitillər xəstəliyə qarşı daha həssasdır. Çox vaxt onların yarpağı boz-bənövşəyi örtüklə örtülür. Sonra belə şitillər soluxur və məhv olur. Əlverişli şəraitdə patogen sürətlə inkişaf edir. Xaç fazasında olan bitkilər yoluxmadan 4-6 gün sonra ölə bilirlər.
Nisbətən gec yoluxmalar zamanı parnik şəraitində yarpaqlarda xlorotik ləkələr əmələ gəlir, bəzən belə ləkələr yarpaq ayasını tam əhatə edir. Bu zaman yarpaqlar azacıq da olsa, aşağıya doğru qıvrılır, boz -bənövşəyi örtüklə örtülür. Xəstəliyin güclü inkişafı zamanı yarpaqlarda turqor itir, onlar soluxur və çürüyürlər. Bu zaman şitil çürüyür və kələm çürüntüsü iyini verir.
Tarla şəraitində yalançı unlu şeh yarpaqlarda xlorotik ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur. Belə ləkələrin forma və ölçüləri hava şəraiti və bitkinin sort xüsusiyyətlərindən asılıdır. Çox vaxt ləkələr həlqəvi, 1.0- 2.5 sm diametrli, yarpaq damarları ilə məhdudlaşandır. Rütubətli hava şəraitində ləkə yerlərində yarpaqların alt tərəfində külli miqdarda boz- bənövşəyi örtük inkişaf edir, quru havada isə yoluxan toxuma tezliklə saralır və ölüşgəyir.
Xəstəliyin yarpaq formasının ardınca bitkilərin patogenlə diffuz yoluxması da müşahidə edilir. Damar yoluxan zaman yarpaq əyilir, onların kənarları ətrafa doğru qıvrılır, damarlar arasında çokəklər əmələ gəlir və bura çox zaman su toplanır. Sirayətlənmiş damarlar qonurlaşır, saplaq və gövdələrdə yara və zonal tipli qəhvəyi dərinləşmiş ləkələr formalaşır. Yoluxma çox zaman çiçəkdaşıyan, hamaşçiçək və toxum qutularını da əhatə edir. Çiçəkdaşıyan nazılır, tündləşir, quruyur, xəstə qutularda cılız toxum əmələ gəlir.
Erkən diffuz yoluxma zamanı isə bitkilər kəskin böyümədən qalır, qısa buğumlar əmələ gətirir. Müayinə zamanı görünür ki, belə bitkilərin əsas kökü şişkindir, yan köklər ölüşkəyir, köklərin qabığı partlayır və qatlara ayrılır.
Tütün bitkisində yalançı unlu şeh xəstəliyi törədicisinin mitseli hüceyrə arasında inkişaf edir. Yoluxmuş orqanların toxumasının səthində formalaşan boz- bənövşəyi örtük patogenin konididaşıyanlarından və konidilərindən ibarətdir. Konididaşıyanlar rəngsiz, dixotamik budaqlanandır, sirayətlənmiş bitkilərin ağızcığından 3-5 ədəd olmaqla topa halında çıxırlar. Konidilər elliptik, yumurtayaoxşar və ya həlqəvidir. Göbələyin cinsi proses nəticəsində bitkinin yoluxmuş orqanlarında dəyirmi, diametri 20-80 mkm olan, sarı və ya qırmızı- qonur oosporlar formalaşır.
Xəstəlik vegetasiya dövrü konidilərlə yayılır, bəzən küləklə 100 km- lərlə məsafəyə dağılırlar. Törədici tütünün diffuz yoluxmuş orqanlarında mitsel formasında saxlanır, yazda yeni konidi spor mərhələsinə başlanğıc verir. Patogen tütün və tənbəkidən əlavə Badımcançiçəklilər fəsiləsinə mənsub olan digər bitkilərdə də saxlana bilir.
Toxumlar da infeksiya mənbəyi ola bilir, patogen toxumlarda mitsel və oospor formasında qışlayır.
Ekologiyası. Göbələyin konidiləri ilə bitkilərin yoluxması üçün optimal şərait bitki səthində damcı suyun mövcudluğu və temperaturun 12-22 C olmasıdır. Patoloji prosesin inkişafına havanın temperaturunun 16-20 C olması, şeh, sıx duman da stimullaşdırıcı təsir göstərir.
Xəstəliyin inkubasiya müddətinin uzunluğu bitkilərin yaşı və meteoroloji şəraitdən asılı olaraq 4-5 gündən 10-13 günə kimi dəyişə bilir. Torpaqda 1,5-2,0 il saxlandıqdan sonra oosporlar cücərməyə başlayır, maksimum cücərmə yalnız dördüncü il qeydə alınır. Bitkilərin cücərmiş oosporlarla yoluxması damcı su, 12-34C temperaturda səhərertə baş verir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
1. Tütün bitkisinin əvvəlcə şitillikdə, sonra isə açıq sahədə becərilməsini nəzərə alaraq, həm şitillikdə, həm də açıq şəraitdə onların böyümə və inkişaflarını təmin edən təşkilati təsərrüfat, aqrotexniki, bioloji, kimyəvi, mexaniki tədbirlər kompleksi həyata keçirilməlidir.
2. Şitilikdə istifadə edilən bütün ləvazimatlar və parnik torpağı 1:40 nisbətində formalin məhlulu və ya ölkə pestisid bazarında istifadəsinə icazə verilən dərmanlardan biri ilə işlənməlidir. Toxum məsarifi parnikdə 0,3 qram bir kvadrat metrdir.
3. Səpinə bir ay qalmış toxumlar TMTD , Bunker, Tabu VSK Ultrasil Dyo preparatlarından biri ilə dərmanlanır.
Toxumların dərmanlanmasında bioloji mübarizənin də istifadəsi tövsiyyə edilir. Bu zaman trixodermin 15 qram/ 1 kq toxum məsariflə səpinqabağı dərmanlanır. Bununla yanaşı toxumların 12 saat müddətində mikroelementlər məhlulunda saxlanması da vacibdir: mis sulfat 0,05 qram/ litr, maqnezium sulfat və sink sulfat 0,2 qram/ litr, ammonium molibdat 0,5qram/ litr, kalium permanqanat və bor turşusu 0,1 qram/ litr. Toxumlar belə işləmədən sonra azca qurudulur və trixodermin preparatı ilə dərmanlanır.
4. Parnikdə xəstəliyin ilkin simptomları göründükdə, yəni xəstəliyin ilkin mərhələsində Planriz Ro biopreparatı ilə dərmanlama xəstəliyin inkişaf dərəcəsini aşağı salır. Bununla yanaşı parnikdə ən etibarlı fungisidlərdən olan 1%- li bordo məhlulunun tətbiqi də önəmlidir, bununla yanaşı mavi bakır, moniko bordo, coside də istfadə edilə bilər. Parnikdə elmi əsaslarla tətbiq edilən sistem, şitillər açıq sahəyə çıxarıldıqdan 10-14 müddətində də cavan bitkiləri peronosporozdan qoruyur.
5. Vegetasiya dövrü tütün bitkisinin yalançı unlu şeh və ya peronosporoz xəstəliyinə qarşı tətbiq edilə bilən və müalicəvi təsirə malik xeyli sayda fungisidlər tövsiyyə edilir: ridomil Qold MS- 2.5 kq/ ha, akrobat MS- 2 kq/ ha, kurzat və ya ordan- 2,5-3,0 kq/ ha, previkur və ya previkur Energji3 l/ha, efal- 3 l/ ha, oksixom- 2 kq/ ha.
6. Müxtəlif mənbələrdə tütün bitkisinin yalançı unlu şeh vəya peronosporoz xəstəliyinə qarşı davamlı sortlar barədə məlumat verilir. Davamlı hesab edilən sortlar: Vircinya-27, Vircinya Qold, Vircinya Qermanskaya, Amerikan 14, Amerikan 17, Moldavsiy 456, Berli 21, Berli 413, Samsun 155 və başqaları. Məndən bu qədər, təki fermerlərimiz üçün faydalı olsun!
İbrahim Cəfərov
AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
