Sizin reklam burada
Sizin reklam burada
  • 23 ilin söz qalası: “Atribut”un fədakarlıq salnaməsi

    Mürtəza Bünyadlı
    siyasi şərhçi

    İllərin sınağından çıxmış dostluğun, zəhmətin və sözə sədaqətin simvoluna çevrilmiş Bəradər Xanəliyev və onun təsisçisi, baş redaktoru olduğu “Atribut” qəzetinin 23 illik yubileyi təkcə bir mətbuat orqanının yaşı deyil, həm də bir ideyanın, bir mövqenin, bir əqidənin zaman qarşısında qələbəsidir.
    “Atribut” adı təsadüfi seçilməyib. Bu ad özündə dəyəri, mahiyyəti, kimliyi ifadə edir. Elə qəzet də yarandığı ilk gündən bu ada layiq olmağa çalışıb və buna nail olub. O, nəinki informasiyanı ötürən bir vasitə, həm də milli maraqların, dövlətçilik ideyalarının, mənəvi dəyərlərin daşıyıcısı kimi çıxış edib. Bu gün də eyni xəttə sadiq qalaraq cəmiyyətin informasiya məkanında özünəməxsus yerini qoruyur.
    23 il-bu rəqəm sadəcə zaman ölçüsü deyil. Bu, çətinliklər, maneələr, saysız-hesabsız imtahanların içindən keçərək ayaqda qalmaq deməkdir. Xüsusilə də müasir dövrdə rəqəmsal medianın sürətlə inkişaf etdiyi, kağız qəzetlərin sıxışdırıldığı bir zamanda çap mediasını yaşatmaq, onu yaşamaq uğrunda mübarizə aparmaq hər kəsin işi deyil. Bu, yalnız peşəkarlıq yox, həm də cəsarət, əqidə və fədakarlıq tələb edir.
    Məhz buna görə də Bəradər bəyin rəhbərliyi altında “Atribut”un 23 il fasiləsiz nəşr olunması adi hadisə deyil. Bu, əsl qəhrəmanlıq hekayəsidir. Məhdud imkanlar daxilində belə qəzetçiliyin ənənələrinə sadiq qalmaq, ucuz sensasiyalardan, bayağılıqdan uzaq durmaq, milli-mənəvi dəyərləri qorumaq və təbliğ etmək böyük iradə və məsuliyyət tələb edir. Bu isə hər jurnalistin yox, yalnız sözə və amala sadiq insanların bacardığı missiyadır.
    “Atribut” bu illər ərzində sadəcə bir qəzet deyil, bir məktəbə çevrilib. O, oxucularına düzgün istiqamət göstərən, milli kimliyi aşılayan, cəmiyyətin sağlam düşüncəsinə xidmət edən bir tribunadır. Belə mətbuat orqanlarının yaşaması isə bütövlükdə cəmiyyətin mənəvi sağlamlığının göstəricisidir.
    Bu əlamətdar gün münasibətilə “Atribut” ailəsini və onun yorulmaz rəhbəri Bəradər bəyi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qəzet gələcək illərdə daha da güclənsin, təsir dairəsini genişləndirsin və cəmiyyətin söz sahibi olan aparıcı mətbuat orqanlarından birinə çevrilsin.
    Çünki bu gün qəzet saxlamaq sadəcə peşə deyil — bu, missiyadır. Və bu missiyanı 23 ildir şərəflə daşıyanlar həqiqətən də alqışa layiqdirlər.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ