Fikrət Qoca ilə bizi yalnız dostluq və həmkar münasibətləri deyil, eyni zamanda eyni ədəbi mühit, eyni dövrün düşüncəsi birləşdirirdi. Biz ötən əsrin 50–60-cı illərində ədəbiyyata gələn bir nəslin nümayəndələri kimi sözün məsuliyyətini, xalqın taleyinə bağlılığını dərindən hiss edirdik. O nəslin əsas xüsusiyyəti ədəbiyyatı həyatın özündən ayırmamaq, zamanın ağrı-acılarını, sevincini və ümidlərini bədii sözə çevirmək idi. Fikrət Qoca bu nəslin ən parlaq simalarından biri kimi daim seçilirdi.
Onun yaradıcılığı vətənə məhəbbət, azadlıq idealları və insanın mənəvi aləmi üzərində qurulmuşdur. Xüsusilə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əks olunduğu əsərləri, 20 Yanvar faciəsinə həsr etdiyi yazıları həm ədəbi, həm də tarixi yaddaşımız üçün böyük əhəmiyyət daşıyır. Fikrət Qoca yalnız şair kimi deyil, həm də vətəndaş mövqeyi ilə seçilən ziyalı idi.
Onun sözlərinə bəstələnmiş nəğmələr bu gün də yaşayır və xalq tərəfindən sevilir. Bu isə bir daha sübut edir ki, əsl sənətkar zamanın fövqündə dayanaraq yaddaşlarda qalmağı bacarır.
Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində, oxucularının yaddaşında daim yaşayacaq. Onun irsi gələcək nəsillər üçün də örnək olaraq qalacaq.
Mən, Tovuz Xeyriyyə Cəmiyyəti adından və şəxsi adımdan, Xalq şairi Fikrət Qocanı sevən bütün insanlara, onun ailəsinə, yaxınlarına və ədəbiyyat ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bu böyük söz ustadının itkisi qarşısında hər birimiz kədərlənir, onun xatirəsini ehtiramla yad edirik. Fikrət Qocanın adı və yaradıcılığı daim yaşayacaq, onu sevənlərin qəlbində əbədi yer tutacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Qəzənfər Paşayev,
Tovuz Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədri
