Əliqismət Bədəlov, siyasi şərhçi
Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verdi. Axı demokratiya olmadan beynəlxalq aləmə inteqrasiya olunmaq mümkünsüzdür. Məhz bu baxımdan Azərbaycan da müstəqil dövlət kimi demokratiya yolunu seçdi. Demokratiyanın əsas atributlarından biri ölkədə azad, müstəqil mətbuatın inkişafına geniş meydan vermək, azad sözün tərəqqisinə əlverişli şərait yaratmaq idi. Həmin dövrdən başlayaraq, Azərbaycanda bir-birinin ardınca müstəqil mətbuat-qəzet, jurnal, portallar yaradıldı. Həmin mətbu orqanların dövlət qeydiyyatından keçməsi də xeyli asanlaşdırıldı. Bax, belə bir dövrdə mediya aləmində “Atribut” adlı bir qəzet parladı.
Mətbuatla az-çox yaxınlığı olanlar çox yaxşı bilirlər ki, mediya vasitəsini təsis etmək asandır, lakin onu cəmiyyətə tanıtmaq, oxucularla ünsiyyət yaratmaq, insanları düşündürən problemləri ictimailəşdirmək, o cümlədən dövlətçiliyi, müstəqilliyimizi, milli mənafeyimizi müdafiə etmək o qədərə də asan iş deyil. Çünki cəmiyyətdə hərə bir düçüncənin, hərə bir baxışın sahibidir. Ona görə də hadisələri qəzetdə və ya portalda işıqlandırmaq üçün mükəmməl qabiliyyətin, dünya görüşün olmalıdır. Bəli, başda “Artibut” un təsisçisi və baş redaktoru, şair-publisist Bəradər Səməndərli olmaqla, digər yaradıcı heyət də bu mükəmməl savadın, qabiliyyətin, dünya görüşün sahibidirlər. Məhz buna görə də “Atribut” 23 ildir ki, keşməkeşli və şərəfli bir yolda inamla irəliləyir. Söz yox ki, bu yolda çətinliklər də az olmayıb. Ancaq qarşıya qoyulan məqsəd, inam “Atribut”u sarsıda bilmədi.
Bu gün “Artibut” qəzeti və saytı mediya aləmində özünə layiqli yer tutub. Qəzet və sayt dövlətçiliyimizin, müstəqilliyimizin müdafiəsində, eləcə də adət-ənələrimizin, mədəni irsimizin, milli dəyərlərimizin qorunmasında həmişə öndə olub. Bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasında ölkəmizin Lideri, Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəliyyəti qəzetin və saytın əsas mövzularındandır.
İnanırıq ki, “Atribut” bundan sonra da çətin və şərəfli yolda inamla irəliləyəcək, mediya aləminin dəyərli nümunələrindən biri olduğunu qoruyub saxlayacaq. İyirmi üç yaşınız mübarək!
