Belə bir vaxtda xəritəsi qartalı xatırladan Azərbaycanımızın bütün rayonlarında idarə və təşkilatların fəaliyyəti, rəhbər şəxslərin öz üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməsi önəmli məsələdir. Hər gün abadlaşan və gözəlləşən Suraxanı rayonu da "Bakının ürəyi, qartalın gözü" - deyə biləcəyimiz bir ərazidir. Bəs, son illər bu rayonun inkişaf sirri nədir və ya kimdir? Bu suala cavab tapmaq üçün kiçik bir araşdırma da yetər.
Öncə onu qeyd edək ki, həmişə Bakının problemli yerləri kimi mətbuatda gündəmə gələn, Köhnə Suraxanı, Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı və Zığ kimi tanınan bütün qəsəbələrinin hamısı Suraxanı rayonu ərazisində yerləşir. Bu gün isə bu qəsəbələr şəhərləşir, turistik ərazilərə çevrilir. Rayon ərazisində aparılan abadlıq və təmir-bərpa işləri qəsəbələrin estetik görünüşünü daha da yaxşılaşdırır, insanların daha rahat yaşaması üçün əlverişli mühit yaradır.
Əgər bu gün Suraxanı rayonuna səfər etsək görərik ki, 3-5 il öncəki küçələr tamamilə başqadır. Belə ki, yolkənarında yerləşən qeyri-yaşayış obyektlərin fasadı dəyişib, yaxud təmir olunub, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, yolkənarında hasarlar yuyulub və yenidən rənglənib. Bütün bu işlər isə daha geniş miqyasda və sürətlə davam etdirilir.
Belə ki, küçələrdə işıq dirəklərinin lampaları dəyişdirilir, dirəklər özü rənglənir, ağaclar budanır, yuyulur, aqrotexniki qulluq göstərilir. İnsanların problemsiz gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkiləri təmir olunur, bordürlər düzülür. Bir sözlə, qəsəbələr yeni görünüş alır, sanki yenidən küçələr salınır, bu da nəinki sakinləri məmnun edir, hətta turistlərin diqqətini özünə çəkir.
Qeyd edək ki, Suraxanı rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq və təmir işlərinin görülməsi üçün 500 nəfərə yaxın işçi qüvvəsi, 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitələri cəlb olunub.
Suraxanı rayonunun qəsəbələrində yaşayan insanları məmnun edən bütün bu abadlıq-quruculuq işlərinin başında isə rayonun icra başçısı Adil Əliyev dayanır. Heç iki il deyil ki, cənab prezidentin sərəncamı ilə Suraxanı rayonuna icra başçısı təyin edilən Adil Əliyev bu qısa müddətdə rayona yeni görünüş verdi, hər ay, hər həftə, az qala hər gün insanları qəbul etməsi, qəsəbələrdə görüşlər keçirməsi, vətəndaşların problemlərini yerində dinləməsi və həlli istiqamətində lazımi tədbirlər görülməsi üçün tapşırıq verməsi, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşması həm rayon sakinlərində böyük məmnunluq yaratdı, həm də özünün vətəninə, dövlətinə nə qədər sadiq, vətənpərvər, işini bilən bir icra başçısı olduğunu göstərdi. Suraxanı rayon sakinlərinin fikirlərini öyrənəndə görürük ki, bu rayon indiyə qədər belə bir səmimi, ədalətli, işgüzar rəhbər görməyib. Bəlkə də ölkədə Adil Əliyev kimi adil bir başçı yoxdur. Çünki vətəndaşlar ondan razıdır, insanlar bildirir ki, o, heç kimi İcra Hakimiyyətinin qapısında gözlətmir, boş qaytarmır, onların problemləri ilə maraqlanır, hər problemin sistemli şəkildə həll olunması üçün işlər görür.
Elə isə, bu gün ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətə daim sadiq olan Adil Əliyevə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparanların arxasında kim dayanır? Əgər bir icra başçısı millətinə və dövlətinə bu qədər sadiqdirsə, vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, deməli, ona qarşı qarayaxma kampaniyası aparanlar bu milləti, bu dövləti sevməyən nadürüst, xain insanlardır. Bu xainlər anlamalıdır ki, heç bir qüvvə nə müstəqil Azərbaycanımızı, nə onun başçısını, nə də Adil Əliyev kimi sadiq, vətənpərvər şəxsləri öz yolundan döndərə bilməz.
Elşad Barat
