Milli Məclisin deputatı
Ölkənin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin qorunmasında əsas vəzifəni icra edən ordunun gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi hər bir dövlət üçün prioritet vəzifədir. Azərbaycan da bütün dövrlərdə bu prioriteti əsas tutaraq Silahlı Qüvvələrinin gücləndirilməsi, onun modernləşdirilməsi istiqamətində zamanın tələblərinə uyğun addımlar atıb.
Bu günlər yaranmasının 108-ci ilini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin indiki səviyyəyə gəlib çatması o qədər də asan başa gəlməyib. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan Azərbaycan Ordusunun bu günkü vəziyyətə gəlib çıxmasında, onun təkcə regionun deyil, eləcə də dünyanın güclü ordularından biri kimi özünü tanıtmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.
Təkcə müstəqillik illərində deyil, sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də Ulu Öndər hərbi sahədə milli kadrların hazırlanmasına xüsusi diqqət ayıraraq bu sahədə ciddi addımlar atmağa müvəffəq oldu. Baxmayaraq ki, o dövrün tələbləri müttəfiq respublikalarda milli hərbi kadrların hazırlanmasına qarşı idi, lakin Ulu Öndər gərgin siyasi iradəsi və qətiyyəti ilə bu stereotipi aradan qaldıraraq 1971-ci ildə böyük zəhmət bahasına Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Hər nə qədər Sovet hakimiyyəti illərində Azərbaycan müstəqil ordudan məhrum olsa da, Ulu Öndərin sayəsində ölkənin hərbi ənənələri qorunub saxlanılırdı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bütün istiqamətlərdə olduğu kimi, müstəqil dövlətin milli ordusunun formalaşdırılması zərurəti yaranmışdı. Lakin müstəqilliyin ilk illərində yaşanan siyasi və iqtisadi çətinliklər, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ordu quruculuğu prosesini mürəkkəbləşdirirdi. Bir tərəfdən orduda olan nizamsızlıq, digər tərəfdən isə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu və həmin birləşmələrdən bir çox hallarda hakimiyyət uğrunda mübarizədə vasitə kimi istifadə edilməsi Silahlı Qüvvələrdə başıpozuqluq yaratmışdı ki, bu da Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə başlamış Ermənistana yeni ərazilər zəbt etmək üçün əlverişli imkan verirdi.
Belə bir ağır şəraitdə yenə də xalqın və dövlətin imdadına Ulu Öndər Heydər Əliyev yetişdi. Bütün dövrlərdə özünün xilaskarlıq missiyası ilə tarix yazan Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ordu quruculuğu sahəsində də yeni mərhələ başladı. Qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar edən Heydər Əliyevin ilk addımı orduda nizamsızlığı aradan qaldırmaq, qeyri-qanuni silahlı birləşmələri ləğv edərək nizami ordu formalaşdırmaq oldu.
1994-cü il mayın 12-də Ermənistan–Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.
Heydər Əliyev Sovet hakimiyyəti dövründə olduğu kimi, müstəqillik illərində də hərbi sahədə milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Bu mənada, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Heydər Əliyevin 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərmanı xüsusi əhəmiyyət kəsb edirdi. Ordu quruculuğu prosesində əsas diqqət şəxsi heyətin peşəkarlığının artırılmasına, döyüş hazırlığının gücləndirilməsinə və maddi-texniki bazanın müasirləşdirilməsinə yönəldilmişdi. Bu sırada NATO ilə sıx və səmərəli əməkdaşlıq zamanın tələbinə çevrilmişdi. Beləliklə, təşkilatla qarşılıqlı faydalı əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə yol açdı, Silahlı Qüvvələrimiz modernləşdirildi və müasir standartlara uyğunlaşdırıldı.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ordu quruculuğuna, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Nəticə etibarilə, nüfuzlu “Global Firepower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer aldı.
Ali Baş Komandanın hərbi sahəyə diqqət və qayğısı nəticəsində regionun qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu artıq torpaqlarını işğaldan azad etmək iqtidarında idi və bunu ilk dəfə 2016-cı ilin Aprel döyüşləri zamanı sübut etdi. Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Həm Aprel döyüşləri, həm də ondan sonra Azərbaycan Ordusunun 2018-ci ilin mayında qazandığı Günnüt zəfərindən Ermənistan əslində nəticə çıxarmalı idi. Lakin Ermənistanın işğalçılıq siyasətini davam etdirməkdə israrlı görünməsi nəticə etibarilə İkinci Qarabağ müharibəsinə yol açdı. Beləliklə, Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarını işğaldan azad etdi, cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağda antiterror əməliyyatları həyata keçirməklə ərazi bütövlüyünü tamamilə bərpa etdi.
Bu gün də Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə hərbi sənaye kompleksi yaradılıb.
Ən qürurverici məqam ondan ibarətdir ki, İkinci Qarabağ Zəfərindən sonra dünyanın inkişaf etmiş ölkələri Azərbaycan Ordusunun döyüş taktikasını öyrənməyə başlayıblar.
