Bu məcrada 25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin illik məruzəsini, habelə cari ildə icrası nəzərdə tutulmuş işləri müzakirə etmək məqsədilə 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə şöbəsində görüş keçirdi. Görüşdə Göyçay Regional Ədliyyə şöbəsin rəisi Elnur Əsədov, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Cavid İskəndərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəqan Murtuzayev və regional şöbənin digər məsul əməkdaşları iştirak etdilər.
Çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın son 50 ilinin hər birində Ulu Öndər Heydər Əliyevin zəhməti olduğundan söz açaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmənin yaranması, formalaşmasında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.
Müstəqillik illərində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə yerli özünüidarəetmənin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini, bələdiyyələrin cəmiyyətdə rolunun artdığını diqqətə çatdırdı: “Bu gün biz qətiyyətlə deyirik ki, Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir. Yerli özünüidarəetmənin qanunvericilik əsasları məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin səyi nəticəsində yerli özünüidarəetmə strukturu Azərbaycan Respublikasının Konstitusiyasına salınıb, Konstitusiya vasitəsi ilə tənzimlənir.”
Eyni zamanda millət vəkili təmsil etdiyi Regional məsələlər komitəsinin də keçdiyimiz illərdə bu sahənin inkişafı ilə bağlı qəbul olunan Qanun layihələrinə dair məlumatları iştirakçıların diqqətinə çatdırdı.
Digər məruzəçilər də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsi, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Daha sonra bu günlərdə ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan, İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan münasibətilə deputat Göyçay rayonunda seçki dairəsi ərazisi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək “Multikultural dəyərlərdə İslam dininin rolu” mövzusunda görüş keçirdi.
Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran Regional bölməsinin müdiri Natiq Əfəndiyev, baş məsləhətçisi Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, İdarənin Göyçay və Ağdaş rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, eləcə də dini icma rəhbərləri iştirak ediblər.
Çıxış edən M.Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli bir mühit formalaşdırdığını qeyd etdi. Multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətlərin, eyni zamanda xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında, qazandığımız möhtəşəm Zəfərdə rolu xüsusi vurğulandı.
Son illərdə bu istiqamətdə aparılan işlər, qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məqamlar da iştirakçların diqqətinə çatdırıldı.
Millət vəkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən qayğıdan söhbət açaraq, bu gün doğma Qarabağımızda aparılan quruculuq işləri çərçivəsində dini abidələrin bərpasının xüsusi diqqətdə saxlanıldığnı qeyd etdi.
Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam etdi. Sonda iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.
Bir daha 92 saylı Göyçay-Ağdaş seçki dairəsi seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq, bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.
