2025 çi il avqustun 19-da dünyayla vidalaşan görkəmli Azərbaycan şairi Məmməd ismayılın xatirəsinin əbədiləşdirilməsi məqsədilə atdığı addımlar Çingiz Abbasovun növbəti xeyirxah missiyasının davamıdır.
Qeyd edək ki, şair Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.
Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şairin baş daşını, qəbir üstünü ailəsi-qızları düzəltdirib, lakin Çingiz Abbasov şairə ehtiram olaraq, onun barelyefini düzəltdirib, Məzar bir qədər hündür məsafədə yerləşdiyindən daşdan pilləkan düzəltdirib, təhlükəsizlik məqsədilə pilləkənə dəmirdən xüsusi tutqac bərkitdirib və bütün bunları təbiət görkəmində rənglətdirib. Eyni zamanda yay mövsümündə ziyarətçilərə günəş şüasından qorunması, həm kölgə salması, həm də yaşıllıq məqsədilə məzar ətrafına, eləcə də pilləkan ətrafına həmişəyaşıl (şam) tingləri və dekorativ gül-çicəklər əkdirib, ərazini heyvan-qara keçməməsi üçün sertkayla hasara aldırıb. Bir sözlə, Çingiz müəllim şairin məzarını əsl ziyarətgaha çevirib.
Bu, təkcə bir şair ruhunun ehtiramı, onun məzarının abadlaşması deyil, eyni zamanda Məmməd sevərlərin, poeziya, saz-söz cameəsinin üzvlərinin, ədəbiyyat nümayəndələrinin, xalqımızın, millətimizin üz tutacaqları ziyarətgahın təmtərağı, dəyərləndirilməsidir. Necə ki, insanlar Mikayıl Müşfiq kimi taninmış digər şair və yazıçıların məzarlarına ziyarət məqsədilə üz tuturlar, eləcə də yeni ailə quracaq gənclərin şair ruhundan öyüd almaları ücün abadlaşan bir ziyarətgaha, Məmməd İsmayıl ziyarətgahına (məzarına) ehtiramın nümunəsidir, Çingiz Abbasovun bu növbəti xeyirxah missiyası.
Ziyarətgaha ilk gələn ziyarətçi isə gənc şair Arif Dağlaroğlu olub və o, ustad şairin məzarı başında yeni şeirini söyləyib:
Ustad, səni ziyarətə gəlmişəm,
Qəbrin üstə açılır yaz Tovuzda.
Qəlb oxşayan şeyda bülbül oxuyur,
Dillənəcək sədəfli saz Tovuzda.
Qərib məmləkətdə günəşin söndü,
Bir cansız bədənini vətənə döndü.
Səni sevənlərin bir deyil, mindi,
Sənsiz həsrət çəkən göz var Tovuzda.
Neyləyək, dünyanın işi belədi,
Fələk başımıza qarı ələdi.
Məmməd ismayıl da vida elədi,
Ay Arif, Məmmədsiz gəl, döz Tovuzda.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı almışdır.
1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır.
1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsini tutmuşdur.
1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir.
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olmuşdur.
19 avqust 2025-ci ildə ağciyər xərçəngindən vəfat edib.
Allah rəhmət eləsin!
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının baş redaktoru
