"Atributinfo.az" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər Evinin əməkdaşları və fəal gənclər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan gəncliyinin inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyətinin dayandığını vurğulayıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən danışıb, Prezident İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsinə müasir gənc nəslin yetişdiyini və Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirib. Vüqar Novruzov “2 Fevral Gənclər Günü” münasibəti ilə gəncləri təbrik edərək, gənclərin milli mənəvi dəyərlərə bağlılığını daha da gücləndirmələri, ictimai və yaradıcı fəallıqlarını artırmaları, potensiallarını milli prioritetlərə yönəltmələri və cəmiyyətin inkişafında daha fəal iştiraklarını təmin etmələri üçün tövsiyələr vermişdir.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mühüm nəticələrindən bəhs edib, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu qeyd edib. Əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi olduğunu, öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirib, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yüksək şərait yaradıldığnı diqqətə çatdırıb. Gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün gənclərin daha da aktiv olmalarının, təşəbbüskarlıq, ictimai fəallıq və sosial məsuliyyət, yaradıcılıq və innovasiya, komanda ruhu və özünüinkişaf vərdişlərinin aşılanmasının, vacibliyini bildirib.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov, Rayon Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov və digərləri çıxış edərək, gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışmışlar. Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, gənclərə göstərilən diqqət və qayğıya görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda bir qrup gəncə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, YAP Göygöl rayon təşkilatının Təşəkkürnamələri verilmiş, YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, xatirə fotosu çəkdirilib.
Bəradər
"Atributinfo.az"
