Milli Cəbhə Partiyasının sədr müavini
Rayonlarda icra hakimiyyətləri ilə bağlı yenidən islahatların aparılmasına ciddi ehtiyac var. Bir neçə il əvvəl həyata keçirilən islahatların müsbət nəticələrini qısa müddət də olsa gördük. Lakin son zamanların müşahidələri göstərir ki, artıq bu sahədə yenidən köklü dəyişikliklər qaçılmazdır.
Bugün minlərlə insan problemlərinə həll tapa bilmədiyi üçün Bakıya üz tutur. Kimisi Milli Məclisin qarşısında, kimisi nazirliklərin qəbul otaqlarında saatlarla növbə gözləyir. Bu izdiham bəzən həddini aşaraq narazılıq mühiti formalaşdırır. Digər qurumlar barədə deyə bilmərəm, amma Milli Məclisin deputatları ayda bir neçə dəfə vətəndaş qəbulu keçirirlər. Hətta Milli Məclisə istənilən vaxt gəlib deputatın qəbuluna düşmək mümkündür.
Əgər bir rayondan daxil olan şikayətlərin sayı normadan artıqdırsa, bu artıq ciddi siqnal deməkdir. Çünki vətəndaş öz doğma rayonunda sözünü eşitmədiyini, rəhbərliyin laqeyd münasibət göstərdiyini gördükdə, son ümidlə paytaxta üz tutur. Bəzən isə bu vəziyyətdən sui-istifadə edərək, dövlətə qarşı süni narazılıq yaratmaq istəyənlər də tapılır.
Fikrimcə, belə halların qarşısını yerli icra hakimiyyətləri özləri almalıdır. Onlar vətəndaşın dərdinə sahib çıxmalı, həftəlik və ya aylıq müntəzəm qəbullar təşkil etməli, hər bir şikayəti diqqətlə araşdırmalıdırlar. Lazım gəldikdə isə məsələləri mərkəzi dövlət qurumlarına qədər qaldırmaqdan çəkinməməlidirlər.
Əgər rayon rəhbərliyi üzərinə düşəni vaxtında görsə, nə Bakıya axın edən izdiham olacaq, nə də əsassız etirazlar. Unutmayaq: laqeydlik dövlətə qarşı etimadsızlıq yaradır.
