![]()
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Vətən müharibəsi əlilləri ilə məktəblilərin görüşü keçirilib.
SXA-dan verilən məlumata görə, “Qəhrəmanlıqdan gələcəyə uzanan yol” adlı tədbir “Təhsildə sosial iş” xidməti çərçivəsində təşkil edilib.
Görüşdə Vətən müharibəsi əlilləri Rəşad Aslanov, Ramin Şirinov, Cəsur Şirinov və Azad Allahverdiyev, həmçinin Bakı şəhəri 163 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Aygün Məmmədova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən danışıb, həmçinin müharibədə şəhidlik zirvəsinə ucalmış oğlu Cəmil Məmmədli haqqında xatirələrini bölüşüb.
Vətən müharibəsi əlilləri keçdikləri döyüş yolundan və həmin günlərlə bağlı xatirələrindən danışıblar. Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının, milli dəyərlərin aşılanmasının əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçılarına agentliyin fəaliyyət istiqamətləri barədə də məlumatlar verilib, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı və sosial müdafiə tədbirlərindən danışılıb.
Sonda məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.
