Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

    Bu gün Göygöl rayonunda "Azərbaycanın Suverenliyi: Tarixi Zəfərlərdən hüquqi təminatlara və strateji hədəflərə doğru" mövzusunda dəyirmi masa keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, YAP Göygöl rayon təşkilatı, Göygöl rayon İcra Hakimiyyəti və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QHT nümayəndələri, ziyalılar və fəal gənclər iştirak etmişdir.
    İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbir zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Şəhriyar kənd orta məktəbinin direktoru Anar Rzayev, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, YAP fəallarından Semur Əsgərov, Dünyəvi Məmmədova, Kəmalə Mirzəyeva və digərləri çıxış etmişlər.
    Çıxışlarda Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğu qeyd olunaraq bildirilib ki, Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik əldə etməsinə baxmayaraq, ölkədə olan hakimiyyətsizlikdən istifadə edən Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və havadarlarının hərbi gücündən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmişdir.
    Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tənəzzüldən inkişafa doğru irəliləyib. Lakin bununla yanaşı Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
    Ermənistanın işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı.
    Nəhayət 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
    Bütün çıxış və nitqlərdə suverenliyimizin bərpa olunmasında əməyi olan şəxslər hörmət və ehtiramla xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
    Tədbirin sonunda suverenlik tariximizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

    Bəradər
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ