Son zamanlar rayonlarda bir-birinin ardınca yas məclislərində dəbdəbəli ehsan verilməsinə qarşı qadağalar qoyulmağa başlanıb. Çünki imkanı olan şəxslər yaxınlarına – atasına, anasına dəbdəbəli surətdə ehsan verir və qeyd edir ki, mən atama, anama lazımınca ehsan verdim. Amma düşünməyir ki, o ehsanın ölüyə heç bir xeyri, aidiyyatı yoxdur. Yalnız ehsan yeyənlərə xeyri var. Çünki ehsanı yeyəndən sonra üstündən də bir qazlı su içib, gəyirib (üzr istəyirəm): “Allah rəhmət eləsin!” – sözünü gücnən deyir. Qaldı kasıb vətəndaşın vəziyyətinə, elin dilinə düşməmək üçün məcbur olur nisyə pul tapır atasına-anasına, yaxınlarına ehsan verir. Vay o günə ki, həmin yasda pul toplanmasın. O zaman bədbəxtə ikinci zərbə dəyir və borca düşür. O vaxtlar lətifəyə oxşayan bir hadisə danışırdılar: “Guya bir oğlanın atası rəhmətə gedir. Onun yasında xeyli pul yığılır. Oğlan pulun qalığına bir “07 Jiquli” avtomobili alır. Bunu görən dostu ondan soruşur ki, bəs pulu hardan aldın? O da vəziyyəti olduğu kimi danışır. Dostu evə gəldikdən sonra atasından soruşur: “Ata, heç yaslara gedib pul yazdırmısan? O da cavab verir ki, hə, çox uzaqlara, kəndə-kəsəyə getmişəm, hamısına da pul yazdırmışam. Oğlan əlini atasının kürəyinə qoyub deyir: “Ata, sən yüz faiz “Çeşkasan”.
İlk dəfə Füzuli rayonunda yasda dəbdəbəli ehsan verilməsi İcra Hakimiyyəti tərəfindən qadağan olunmasından sonra rayona yasa getmişdim. Yasa gələnlərə bir stəkan çay və xurma ehsan kimi verilirdi. Sonra yasa gələnlər “Fatiə” surəsini oxuyub, pulunu yazdırıb, məclisi tərk edirdilər. Mən bu vəziyyətə baxıb, yanımda oturan həmkəndlimə dedim: “Vallah, nə var belə yas verməyə. Adamın az qala ölməyi gəlir”.
Bəli, indi Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən illər öncə yaslarda dəbdəbəli ehsan verilməsi qadağan olunmuş və çətinliklə də olsa həyata keçirilmişdi. Ona görə çətinliklə deyirəm ki, ilk vaxtlar bu qaydaya əməl etmək istəməyən imkanlı adamlar var idi. İndi isə bu qayda imkanlı, imkansız adama baxmayır və yas məclisləri hamısı eyni qaydada keçirilir və həmin pul da yığılır. Yəqin ki, həmin yas sahibləri öz ölülərinə rəhmət oxuduğu kimi Alı müəllimin də ölənlərinə rəhmət oxuyurlar. Çünki bu qaydanı o qoyub.

Qiyam Ərşadoğlu,
“Atribut” qəzetinin baş readtoru.
