Çingiz müəllimi (sözün ən müsbət emosiyası ilə desək), böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran, xeyirxah, könülalan ziyalı kimi tanımışam – belə görmüş, belə bilmişəm. Qurucularından olduğu “Tovuz Xeyriyyə Cəmiyyəti” onun ocağı olub, Cəmiyyət yaranan gündən indiyədək Çingiz müəllim Tovuzdadı, xeyriyyədədi, cəmiyyətdədir!.. Bu, asan iş deyil, əlbəttə. Özəlliklə, XX yüzilin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Tovuzun sınırboyu kəndlərində, ümumən rayon ərazisində təhlükəli durumlar mövcud idi (bu sətirlərin müəllifi vaxtı ilə o dövr barədə “Balaca kəndin böyük dirənişi” yazısı ilə mətbuatda geniş çıxış edib). – Təsəvvür edin: bir yandan Ermənistan öz havadarlarına arxalanıb saldırılarda bulunur, öz boyundan hündürə tullanmaq istəyir, digər yandan, hələ sıradan çıxmamış Sovet hakimiyyətinin yerli “partnomenklatur”ları xalqın yanında, arxasında dura bilmir... Belə bir vaxtda, xalq ruhu, əcdadın şanlı gələnəkləri ayrı-ayrı ziyalıların, fədakarların, cəsurların və (sözün həqiqi anlamında) imkanlıların sayəsində böyüdü və ümumxalq səciyyəsi aldı. Bax, Çingiz əmi o günlərin Çingiz əmisidir: sovetlərin çöküşü, müstəqilliyin ilk illəri, təhlükələr, təbəddülatlar, açıq-gizli çalışmalar və uğurlu sonuclar onun alın yazısını, özkeçmişini də ifadə edir! O, Tovuz Xeyriyyə Cəmiyyətinin xətti ilə hər türlü dəstəyin təşkilində, təminində yaxından iştirak edir, Bakının imkanlarını Tovuza, Tovuzun qayğılarını Bakıya çatdırır, ümumrespublika miqyasında toparlanmalara nəfəsdə, səsdə, əməldə öz töhfələri ilə seçilirdi. Çingiz Abbasov respublikamızın Əməkdar auditidir, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin 15.04.2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Auditçilər sırasında da özünəxas sayğısı, sanbalı var və bu, fəxri adından, dövlət təltifindən bir daha aydın olur.
Çingiz Abbasovun oğlu tanınmış yeni nəsil futbol hakimlərimizdəndir. Bəlli olduğu kimi, Tovuz Azərbaycanda ən uzaqtarixli və zəngin futbol ənənələrinə malikdir. Ötən illərdə, Çingiz müəlimin də dəstəyi, yaxından iştiraklı ilə “Tovuz futbolu-100” kitabı hazırlandı, gün üzü gördü və təqdimat törəni oldu. Demək istəyirəm, Çingiz müəllim zəngin Tovuz futbolu ənənələrini öz övladının timsalında davam və inkişaf etdirməsi ilə də, o ənənələrə, sağlamlığa, ədalətə münasibətini təcalla etdirmiş oldu. - Yaşar Çingiz oğlu Abbasovun ədalətli hakim kimi tanınması heç təsadüfi deyil.
Çingiz müəllim aşıq sənətinin vurğunu, aşıqların yaxın dostu, könül həmdəmidir. Onu el-obanın xeyir-şərindən qıraqda təsəvvür etmək çətindir. – Həyatda tanıdığım ən elcanlı insanlardan biridir Çingiz əmi.
Bilmirəm, belə bir özkeçmişə malik insana nə diləyərlər? – Elə belə qalın, əmi! Ömrünüz uzun, canınız sağ, işiniz avand olsun! Uğurlar!