“II Moruq Festivalı” həm yerli icmalar üçün yeni biznes və tanıtım imkanları, həm də qonaqlar üçün təbiətlə və kənd həyatı ilə bağlı zəngin təcrübə təqdim edir. Festival çərçivəsində moruq məhsullarının sərgi-satışı, dequstasiyalar, ustad dərsləri, əyləncə proqramları və digər tədbirlər həyata keçirilir.
"Atributinfo.az" xəbər verir ki, festivalın açılışında çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, tədbirin bu regionda keçirilməsinin strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölkədə kənd təsərrüfatı prioritet sahədir və dövlət tərəfindən təqdim olunan güzəştlər, subsidiyalar və dəstək mexanizmləri bu sahənin davamlı inkişafına şərait yaradır. Festival isə həm aqrar, həm də turizm sahəsinin inkişafına xidmət edir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında festival və sərgilərin xüsusilə meyvə və giləmeyvə istehsalı və ixracı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu cür tədbirlər fermerlərin birbaşa satış imkanlarını artırmaqla yanaşı, fəaliyyətlərini genişləndirmələrinə dəstək verir.
Gəncə-Daşkəsən Regional Turizm İdarəsinin müdiri Fariz Qarayev isə festivalların daxili turizmin inkişafına və regionlarda məşğulluğun artmasına töhfə verdiyini qeyd edib. O, II Moruq Festivalının bu baxımdan uğurlu bir nümunə olduğunu vurğulayıb.
Hazırda festival uğurla davam edir və iştirakçıların marağı ilə müşayiət olunur.
Bəradər Səməndərli
"Atributinfo.az"
