Cəfərov bildirir ki, institutun təcrübə təsərrüfatında aparılan monitorinqlər artıq bəzi yerli pambıq sortlarının yığım üçün tam hazır olduğunu göstərir. Xüsusilə “Gəncə 160” və “Gəncə 183” kimi seleksiya sortları özünü bu mövsümdə yüksək keyfiyyət və məhsuldarlıqla nümayiş etdirir. Artıq sahələrdəki qozaların 50-60 faizi açılıb və bu da o deməkdir ki, pambıqçılığın ən həyəcanlı dövrü – yığım mövsümü – astanadadır.
İnstitut sentyabr ayının ilk dekadasında, yəni ayın ilk günlərində kütləvi yığıma başlayacaq. Diqqətçəkən məqamlardan biri isə budur ki, təcrübə sahələrində ümumilikdə 17,5 hektarlıq torpaqlarda pambıq yığımı tamamilə əl ilə aparılacaq. Bunun səbəbi isə aydındır: toxumçuluq və seleksiya məqsədilə yetişdirilən pambığın ən yüksək dəqiqliklə və zədələnmədən toplanması zəruridir. Maşınlar bu prosesin incəliyini təmin edə bilmir, çünki burada hər qozanın, hər lifin keyfiyyəti gələcəyin toxum fondunu müəyyənləşdirir.
“Pambıqçı fermer Əfras demişkən, “sahələrdən əppək iyi gəlir,” – deyə Cəfərov əlavə edir. Bu sözlər bir el deyimi olmaqla yanaşı, həm də qəlbdən gələn fəxarətin ifadəsidir. Əppək iyi – torpaqla insanın dostluğunun, zəhmətlə alın tərinin birgə bəhrəsinin qoxusudur. Bu qoxu zəhmət adamı üçün zənginlikdən daha dəyərlidir, çünki o, halal əməyin, gecə-gündüz tarlada işləyən əllərin simvoludur.
Azərbaycan pambıqçılığının gələcəyi üçün bu kimi nəticələr olduqca ümidvericidir. Yerli sortların belə yüksək göstəricilər verməsi, seleksiya və aqrotexniki işlərin doğru istiqamətdə aparıldığının sübutudur. İbrahim müəllimin rəhbərlik etdiyi institutun elmi yanaşmaları və sahə işlərində tətbiq olunan yeni metodlar bir daha sübut edir ki, elm və zəhmət birlikdə olduqda, torpaq heç vaxt susmaz – o, hər zaman bar verər.
Əkinçi əlinin sehri, alimin baxışının dərinliyi və torpağın gücü bir araya gəldikdə sahələrdən yalnız əppək iyi yox, həm də sabaha inam doğar.
Hamlet Qasımov
