Bu dəyərli təşəbbüs Dmanisi rayonunun meri, cənab Koba Muradaşvilinin ideyası və birbaşa maddi dəstəyi sayəsində gerçəkləşdi. Muzeyin yaradılması, təkcə bir şairənin həyat və fəaliyyətini əbədiləşdirmək deyil, həm də Borçalı bölgəsinin zəngin el yaddaşını gələcək nəsillərə ötürmək baxımından önəmli mədəni hadisədir.
Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də Azərbaycandan, Türkiyədən və digər ölkələrdən gəlmiş çoxsaylı qonaqlar iştirak etdilər. El sənətinə, milli dəyərlərə hörmətin bariz nümunəsi olan bu açılış mərasimində Səadət Butanın həyatı, fəaliyyəti və Borçalı mədəniyyətinə verdiyi töhfələr xüsusi vurğulandı.
Qonaqlar çıxışlarında Səadət Butanın sadəcə bir şairə, ictimai xadim deyil, həm də Turan ellərinin butası, Borçalının el anası olduğunu böyük hörmətlə qeyd etdilər.
Bu münasibətlə biz, tədbirin təşkilatçıları və Səadət Butanın ailə üzvləri adından:
Gürcüstan Respublikasının dövlət orqanlarına, Xüsusilə də Dmanisi rayon Qamqebeli cənab Koba Muradaşviliyə – göstərdikləri diqqət, qayğı və dəyər üçün dərin təşəkkürümüzü bildiririk.
Bu muzey – milli yaddaşımızın, Borçalı ruhunun və Səadət Butanın əziz xatirəsinin daşıyıcısı olaraq daim yaşayacaq.
Vidadi Orucov,
pedaqogika üzrə elmlər doktoru
