Sizin reklam burada
Sizin reklam burada
  • Sevginiz, dəstəyiniz və etimadınız mənim üçün ən böyük mükafatdır

    12 avqust 2025-ci il tarixində Möhtərəm cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında göstərdiyim xidmətlərə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim barədə Sərancam imzaladı. Bu ali dövlət mükafatı mənim üçün həm böyük şərəf, həm də gələcək fəaliyyətimdə daha böyük məsuliyyət deməkdir. Fəaliyyətimə verdiyi yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
    Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümü bildirirəm. Onun zəngin humanist fəaliyyəti, xoşməramlılığı, xüsusilə qadınlara və uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan cəmiyyətinə sevgi və mərhəmətin nümunəsidir. Mehriban xanımın qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, onların dövlət idarəçiliyində daha geniş təmsil olunması istiqamətində gördüyü işlər, ölkəmizdə qadın siyasətinin inkişafına mühüm töhfədir.
    Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı dövlətimizin ən ali dəyərlərindən biridir. Onların hər zaman şəhid ailələrinin yanında olmaları xalqımıza həm mənəvi dayaq, həm də böyük qürur mənbəyidir.

    Mənə göstərilən böyük dəstək və məni xüsusi təbrik edən, diqqət və etimadını əsirgəməyən başda hörmətli Sədrimiz Sahibə xanım Qafarova olmaqla, Milli Məclisdəki dəyərli deputat həmkarlarıma ürəkdən təşəkkür edirəm. Yeni Azərbaycan Partiyasının üzvü kimi xüsusilə qeyd etmək istəyirəm ki, YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budağova, partiya əməkdaşlarına yubiley münasibətilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təşkil olunan səmimi görüşə və təbrikə görə minnətdarlığımı bildirirəm.
    Təbrik ünvanlayan Baş Nazirimiz Əli Əsədova, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə bütün dövlət qurumlarına, uzun müddət bir yerdə çalışdığım dəyərli həmkarlarıma, qeyri-hökumət təşkilatlarının rəhbərlərinə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, müxtəlif fəaliyyət istiqamətlərdə çalışan həmvətənlərimə, ailəmə, yaxınlarıma, seçicilərimə, dostlarıma, həmçinin ölkəmizin hər bölgəsindən, hər evindən sevgi dolu sözlər göndərən bütün vətəndaşlara minnətdaram. Sizin hər birinizin təbriki mənim üçün xüsusi dəyər daşıyır.

    Xüsusilə sosial şəbəkələrdə, mətbuatda, eləcə də telefon zənglərində və mesajlarda mənə ünvanladığınız saysız-hesabsız xoş sözləriniz ruhuma güc, fəaliyyətimə yeni enerji qatdı.

    Mən bu etimadı doğrultmaq üçün bundan sonra da bütün bilik və təcrübəmi ölkəmizin tərəqqisi, vətəndaşlarımızın rifahı, dövlətimizin möhkəmlənməsi naminə səfərbər edəcəyəm.

    Sizə bir daha dərin təşəkkürümü bildirir, hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.

    Sevginiz, dəstəyiniz və etimadınız mənim üçün ən böyük mükafatdır.

    Səmimi hörmətlə,
    Hicran Hüseynova
    Millət vəkili

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ