İş adamı, Əməkdar mühəndis
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra gənc dövlətin ordusu da yaranmağa başladı. Ancaq dövlətin idarə edilməsində səriştəsizliyə görə, orduda vahid komandanlıq olmadığına görə, yerli müdafiə batalyonlarına hərbi təhsili olmayanların rəhbərlik etməsi və s. ordunun formalaşmasına, düşmənlə döyüş aparmasına imkan vermirdi.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordu quruculuğunda da əsaslı islahatlar aparılmasını təmin etdi. Yerli müdafiə batalyonları buraxıldı. Orduda vahid komandanlıq yaradıldı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki bazası genişləndirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ulu Öndər 1996-cı ildə fevralın 2-də demişdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Ordunun peşəkar zabit kadrları ilə komplektləşdirilməsi üçün hərbi təhsil sistemində də əsaslı islahatlar həyata keçirildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Belə nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaratdı.
Ordumuz 2016-cı ilin Aprelində, 2018-ci ilin mayında Günnütdə, 2020-ci ilin uyununda Tovuzda mühüm qələbələr qazandı. 2020-ci il sentyabrın 27-də əks-hücum kimi başlayan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. 2023-cü ilin 20 sentyabrında Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olundu.
Tarixi Zəfərdən sonra Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başladı. Zabit kadrları hazırlığını Türkiyə modeli əsasında hazırlamaq üçün Milli Müdafiə Universiteti yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur.
