MCP sədri, deputat Razi Nurullayevdən bəzi korrupsioner məmurlara sərt mesajJurnalistin sualı:
Razi müəllim, əfsuslar ki, hələ də bəzi rayonların icra başçılarının korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui istifadə hallarının şahidi oluruq. Sizcə, niyə əvvəlkilərin aqibəti icra başçılarına ibrət, dərs olmur? Dövlət başçısının etimadını boşa çıxaranların ictimaiyyətdə narazılıq yaratmasını necə şərh edərdiniz?
Mənim cavabım:
Əsas hədəf icra başçılarıdır son zamanlar. Təbii ki, onların ən önəmli işi yerli inkişafla məşğul olmaq və əhalini məmnun etməkdir. Narahatlıqlar, narazılıqlar var və bizə də müraciətlər olur. Ancaq, son vaxtlar böyük irəliləyişlər var. Açığı Qax İcra başçısının tutulmasına üzüldüm. Həm də çox. Onunla üz-üzə gəlməmişik, yaxından görməmişəm. Bu yaxında bir məktub daxil olmuşdu mənə. Əlaqə saxladım. Çox hörmət və qayğı ilə yanaşdı. Gün ərzində də üç dəfə əlaqə saxlayıb əlavə məlumatları da verdi. Gördüm ki, həddindən artıq diqqət göstərdi. Onunla tək və yeganə təmasım belə olub və onu yaxşı mənada yaddaşıma yazmışam. Allah qapısını açsın.
Deməliyəm ki, icra hakimiyyətlərindən də kənar müxtəlif sahələrdə dövlət orqanlarından şikayətlər alırıq və bəziləri isə çox ciddi əsaslara söykənir. Hələ də vəzifəsindən şəxsi varlanma üçün istifadə edənlər və vətəndaşları incidənlər, hətta deyərdim ki, zülm edənlər var. İstərdim ki, onlar ifşa olunsunlar və ciddi cəzalandırılsınlar. Siyahımda olanlar var və mən onlarla bağlı lap böyüklərinə rəsmi şikayət ünvanlayacam. Nəticə olmasa, məcburiyyət qarşısında ictimailəşdirəcəm.
"Atributinfo az"
