İnsan ömrünün mənası, məzmunu heç də uzun yaşamaqla, var-dövlət toplamaqla və bu var-dövləti yalnız özü üçün yaşayıb-yaratmaqla ölçülmür. Əlbəttə, hər ömrün öz bağçası, öz bağı var. Bu bağçanın çiçəkləri, gözəllikləri, bu bağın barı-bəhəri, dadlı meyvələri könül dünyasından, qəlb döyüntülərindən keçir, sevinc göz yaşlarıyla suvarılır, gülən üzlərin günəşindən şəfəq alır, hərarət tapır, yetişir, pöhrələnir və bir daha solmur, əbədi olaraq ürəklərə həkk olunur. Təəssüflə deyə bilərəm ki, belə insan acılı-şirinli günümüzün güzəranımızın reallıqlarında, çağdaş dövrümüzdə olduqca azdır. Odur ki, onlardan kimisə itirəndə adam uzun müddət özünə gələ bilmir, korun-korun yanır, göynəyir.
Ötən ayın (2020-ci il) dekabrın sonlarında dünyasını dəyişən insanlıq nümunələrindən biri də Hacı Mirnazim (el arasında ona Hacı Mirtaleh deyirdilər-B.S.) Ağayev oldu. Onun haqqında vəfatından sonra esse yazmaq mənə çox ağır olsa da, vicdan borcumu yerinə yetirmək qərarına gəldim. Mirnazim Ağayevin yaşayıb keçdiyi mənalı, məzmunlu, faydalı ömür yolu büsbütün insanlığın ali məqamlarını özündə o dərəcədə ehtiva edirdi ki, cəsarətlə deyə bilərəm ki, belə insanları uca Tanrı seçilmişlərdən xəlq edir, sevimli bəndələrindən qərar verir, dünyaya nümunə olaraq bəxş edir. İllər ötəcək, Mirnazim Ağayevdən bir daha dünyaya gəlməyəcək. O, heç də sıradan bir insan deyildi. Onun özünəməxsus, fərqli, mənalı, məntiqli, ibrətamiz, çoxlarına nümunə olacaq həyat tərzi vardı. Bu həyat tərzində böyük Yaradanın xoşladığı, sevdiyi ən ali cəhətlər əksini tapırdı; xeyirxahlıq, xeyriyyəçilik, səxavətlilik, sağ əlin verdiyini sol əlin bilməməsi, yetim-yesir, kasıb-kusub, aztəminatlı ailələrə əl tutmaq, qazancını siyahı tutub bu qəbil insanlarla bölmək, ilboyu bu ənənəni davam etdirmək, bayramlarda onlara ayrıca sovqatlar göndərmək, digər qayğı və problemləri ilə də daim yaxından maraqlanmaq, küsülüləri barışdırmaq, yeni ailə qurmaq istəyənlərin qabağına düşüb elçi getmək, onlara maddi-mənəvi dəstək olmaq, dava-dalaşları yatırtmaq, ziddiyyətləri aradan qaldırmaq, neçə-neçə yolun azmışları hidayət yoluna, dinə, imana, namaza, Qurana gətirmək, yazmaqla bitib tükənməyən bu kimi xüsusiyyətlər, saleh əməllər Mirnazim Ağayevin həyat atributu, əsas amalı idi. M.Ağayev, eyni zamanda haqq-ədalət carçısı, “Əhli-Beyt” aşiqi idi. O, bu yoldayeri gələrsə, ən çətin sınaqlara sinə gərməyə hazır idi.
Mirnazim Ağayev təkcə Saatlının və saatlıların ağsaqqalı, öndəri deyildi, o, eyni zamanda ətraf rayonlarda da ağır seyid, müdrik, kamil insan, xeyriyyəçi, səxavətli, qabaqcıl, novator ziyalı, iş adamı kimi tanınırdı, hörmətlə qarşılanırdı. Onunla zamanında yaxşı dost, sirdaş olmağımdan qürur duyuram. İlk dəfə müqəddəs Həcc ziyarətindən qayıdanda ziyarət təəssüratlarını da mənimlə bölüşdü, ondan aldığım və başçılıq etdiyim “Atribut” qəzetində dərc etdiyim müsahibə isə son təsəllimdi. Sonralar sanki öhdəlik götürdüyü xeyirxahlıq missiyasından, halallığın fəzilətlərindən, dinin, təqvanın Tanrı ucalığından söz açmasını rica etsəm də və buna bir gün geniş vaxt ayıracağını söz versə də, belə bir söhbətləşmə təəssüf ki, bizə nəsib olmadı… Günlərin birində, gözlənilmədən Mirnazim Ağayevin dünyasını dəyişməsi xəbərini eşidəndə tam məsuliyyətimlə deyirəm ki, ruhum silkələndi.
Haşiyə:
Coxuşaqlı evdə - ailədə böyüyən Mirnazim Ağayevin atası mərhum Mirəziz Ağayev ağır seyid - el ağsaqqalı, müdrik şəxsiyyət, layiqli ailə başçısı idi. Ömrünün sonlarında sinəsinə çalın çarpaz çəkilən dağlar-oğul itkiləri, onun öz ömrünü də yarımçıq qoydü. İki oğlunu birdən dəfn edərkən üzünü dəfn iştirakçılarına tutaraq, "20 günün tamamında məni də burda-oğullarımın yanında dəfn edərsiz. Mən daha bu dərdə dözə bilmərəm!"-dedi. Və...19-cu günün tamamında əbədi olaraq həyata vida dedi Mirəziz ağa.
Ötən illərdə ardıcıl olaraq bir neçə qardaşını itirən Mirnazim Ağayev ortancıl qardaş idi. Onun kölgəsi, həm də qardaşı balalarının üstündəydi. Mirnazimin qanadları altında itirdiklərinnin acılarını az da olsa unudur, təsəlli tapırdılar sanki Ağayevlər ailəsi…
İnsan həyatdan cismən gedir. Ruhən isə o kəslər yaşayır ki, onlar sağ ikən ürəklərdə yurd salır, yuva qurur. Bax, belələri heç zaman ölmür, dünya durduqca xatırlanır, xatırlandıqca yaşayır. Mirnazim Ağayev, bu mənada əbədi olaraq qəlbimizdə yaşayacaq, ruhuna daim rəhmət oxunacaq…
Elə buradaca yazıya nöqtə qoyuram və Ağayevlər ailəsinə Mirnazim Ağayevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, kədərləninə şərik olur, ruhu şad, məkanı cənnət olsun, deyirəm və mərhumun ruhuna xitabən qələmə aldığım qəlbimin ənginliyindən süzülüb gələn kiçik şeir parçasını yazıya əlavə edirəm.
Saatlının böyük ağsaqqalıydın
Səxavət ağacdısa, gövdəsiydin,
Əlsiz-ayaqsızların kölgəsiydin.
Sən Tanrının seçilmiş bəndəsiydin,
Nə yaxşı ki, yaranmışdın, varıydın,
Saatlının böyük ağsaqqalıydın.
Siyahı tutmuşdun yoxsullar üçün,
Yaşamırdın nə dövlət, nə var üçün.
Bundan böyük nə olar dindar üçün,
Ömür pətəyinin xalis balıydın,
Saatlının böyük ağsaqqalıydın.
El-obanın dostuydun, qardaşıydın,
Xeyir-şər məclislərinin başıydın.
Məzlumların sevinci, göz yaşıydın,
Yaddaşlarda əbədi qalmalıydın,
Saatlının böyük ağsaqqalıydın.
Sağlığında ocaq idin, pir idin,
Mirtalehdin - Hacı Mirnazim idin.
“Əhli-Beyt” aşiqlərindən biriydin,
İlahinin itaətkar quluydun,
Saatlının böyük ağsaqqalıydın.
Adətən, qış gələndə qar yağardı,
Səməndərli, saçın nə tez ağardı?
Məsləhətmiş, əcəl səni apardı,
Cənnətə getdin, orda olmalıydın,
Saatlının böyük ağsaqqalıydın.
Bəradər Səməndərli

Гадание по Книге Перемен
