Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında inkişaf edən münasibətlər iqtisadi və siyasi əlaqələrin dərinləşməsində də özünü büruzə verir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə iştirakı da bunun əyani sübutudur. İclasda çıxış edən dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə yeni istehsal müəssisələrinin qurulması, sənaye əməkdaşlığının genişləndirilməsi və xarici bazarlara birgə çıxış üçün əlverişli imkanlar yaradır. Bu yanaşma qarşılıqlı ticarətin artırılması ilə yanaşı, ortaq istehsalın və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafını nəzərdə tutur.
Satatistikaya əsasən Azərbaycan Türkmənistan ilə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. İdxalda əsas üstünlük enerji məhsullarında olub. Belə ki, təbii qaz, reaktiv mühərriklər üçün kerosin yanacağı, ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar, emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq, mineral və ya kimyəvi azot gübrələri və digər məhsullar idxal etmişik. Türkmənistana satdığımız mallara gəldikdə isə emaledici kənd təssərrüfatı məhsulları üstünlük təşkil edir. Sözügedən dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar, pambıq lifi, qara metallardan alınan konstruksiyalar, kərə yağı və başqa məhsulları ixrac edib.
Sözügedən coğrafiya ilə ölkəmiz arasında nəqliyyat və logistika sahəsi də inkişaf etməkdədir. Xəzər dənizi üzərindən daşımaların genişlənməsi, nəqliyyat infrastrukturunun inkişafı və Orta Dəhlizin artan əhəmiyyəti ölkəmizin beynəlxalq tranzit imkanlarını gücləndirir. Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz üzrə tranzit yükdaşımaların ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artmasının qeyd olunması bu marşrutun perspektivlərini nümayiş etdirir.
Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Sammitdə qeyd olunub ki, Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.
Dövlət başçısı çıxışında Xəzərin dayazlaşması probleminə toxunub: “Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib”.
