Sizin reklam burada
Sizin reklam burada
  • Hələ deyilməyən sözlər, yazılmayan əsərlər var!

     Bəradər Səməndərlinin 60 illik yubleyinə


    İnsan ömründə elə yaşlar var ki, insanı dayanıb geriyə baxmağa, keçdiyi yolun hesabatını aparmağa vadar edir. Necə yaşadım? Nələr etdim, hansı izləri qoydum? Bir insan, dost və qələm adamı kimi üzərimə düşən missiyanı necə yerinə yetirdim?

    Bu gün illərin dostu, jurnalist, şair Bəradər Səməndərlinin 60 yaşı tamam olur. Bu, təkcə yubiley deyil, həm də yaşanmış ömrə nəzər salmaq, keçmişi dəyərləndirmək və gələcəyə boylanmaq fürsətidir.

    Bəradər bəyi səmimi, sadə, sədaqətli bir insan kimi tanımışam. Bu xüsusiyyətlər onun yaradıcılığında da aydın görünür. Şeirlərində həyatın həqiqətləri, insan münasibətləri, dostluq, sevgi, zamanın amansız axarı və ömür haqqında düşüncələr var.

    Geriyə dönüb ötən 60 ilə baxanda görürsən ki, Bəradər bu ömrü mənasız yaşamayıb. Yaşayıb, yaradıb, duyğularını sözə çevirib. Üstəlik, hələ yazılacaq əsərləri, deyiləcək sözləri var.

    Şair həyatın ziddiyyətlərini sadə, amma düşündürücü misralarla ifadə edir:

    “Yaxşılıqla yamanlıq da,

    İşıq ilə qaranlıq da,

    Qocalıqla cavanlıq da,

    Qoşa düşən zər kimidi”.

    Bəradərin poeziyasında insanın özünə hesabatı da xüsusi yer tutur. O, bəzən dünyanın hay-küyündən çəkilib ruhu ilə söhbət edir, dünənini xatırlayır, dostluğu və mənəvi dəyərləri tərəziyə qoyur:

    “Bəradər, dostu seç, tanı,

    Dost götürmə hər insanı.

    Təmiz, əxlaqı, vicdanı,

    Mənəvi sərvət edirəm,

    Ruhumla söhbət edirəm”.

    Bu misralar onun həyata və insanlara münasibətinin ifadəsidir. Çünki illər keçdikcə insan anlayır ki, əsl sərvət nə mal-mülk, nə də şöhrətdir. Əsl sərvət vicdan, sədaqət və insanın arxasında qoyduğu xoş izlərdir.

    Bəradər həyatı sevən insandır. Amma sevməyin də asan olmadığını yaxşı bilir:

    “Ölüb, dirilirsən gündə yüz kərə,

    Nə var ki, bir yolluq ölməyə, candı,

    Sən elə bilirsən, sevmək asandı?”

    Şairin kövrəkliyi də elə bu həssaslığından doğur. O, yaşadıqlarını dərindən duyur, hisslərini gizlətmir. Ömrün payızına qədəm qoysa da, daxilindəki uşağı, saflığı qoruyub saxlayır:

    “Ömrün payızına qədəm qoysam da,

    Mən elə bilirəm, hələ körpəyəm,

    Daha soruşmayın niyə kövrəyəm”.

    Altmış yaşın astanasında zamanın sürətlə keçməsindən, qocalıqdan da söz açır:

    “Sökülür anbaan daş, qocalıram,

    Yaş üstə gəldikcə yaş, qocalıram”.

    Amma bu misraların arxasında təslimiyyət deyil, həyatın həqiqətləri ilə üzləşən insanın səmimi etirafı dayanır. Axı yaşın artması arzuların bitməsi demək deyil. Saçlar ağarsa da, qələm susmursa, deməli, hələ qarşıda görüləcək işlər var.

    Bəradərin yaradıcılığında mənim üçün xüsusi məna daşıyan bir şeir var: “Hələ deyilməyən söz var”. Sanki bu misralar onun 60 yaşına ünvanlanıb:

    “Dərd sinəndə olubdu köz,

    Səməndərli, səbr elə, döz.

    Hələ deyilməyən çox söz,

    Yazılmayan əsər də var”.

    Bəli, Bəradər bəy, hələ deyilməyən sözlərin, yazılmayan əsərlərin var. Ömrün hesabatı yalnız geridə qalan illərlə ölçülmür. Qarşıda gözləyən arzular, yazılacaq şeirlər, bölüşüləcək duyğular da bu hesabatın bir hissəsidir.

    Sənin öz misralarınla desək:

    “Dünya dərya, ömür ada,

    Müsafirik bu dünyada,

    Heç nə getməyəcək bada,

    Əkdiyini biçəcəksən”.

    Əziz dostum 60 yaşın mübarək! Sənə möhkəm can sağlığı, bərəkətli və mənalı ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Qoy, ömrünün payızı rəngarəng, könlün bahar təravətli, qələmin daim yazmaq həvəsində olsun.

    Deyiləcək sözlərin, yazılacaq əsərlərin çox olsun!


    Mürtəza Bünyadlı 

    Parlament jurnalisti


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ