Sizin reklam burada
Sizin reklam burada
  • Muğamın ritm yaddaşından Azərbaycan əruzuna: bir kitabın açdığı elmi pəncərə


    Bəzən bir kitabı oxumağa uzun zaman ayırmaq lazım gəlmir, onun bir neçə səhifəsi belə tədqiqat marağı oyatmağa kifayət edir. Azərbaycan Milli Konservatoriyasının müəllimi, ustad xanəndə Zabit Nəbizadənin masasının üzərində Firudin Qurbansoyun “Muğamlarımız və Azərbaycan əruzu” kitabını gördüm. Dərsimizin başlamasına təxminən 5–10 dəqiqə qalırdı. Bu qısa zamanı dəyərləndirərək kitabın bir neçə səhifəsini oxudum. Qarşıma çıxan mövzu məni xüsusilə düşündürdü: muğam, şeir, ritm və əruz bir-birindən ayrı deyil, eyni milli-estetik düşüncənin müxtəlif ifadə formaları kimi necə qovuşur?


    Məhz bu maraqla kitabın tanış olduğum səhifələrinə diqqətlə nəzər saldım.


    Firudin Qurbansoyun “Muğamlarımız və Azərbaycan əruzu” kitabı 2026-cı ildə Bakıda “Zərdabi-Nəşr” tərəfindən 400 səhifə həcmində nəşr olunub. Kitabın elmi redaktorları professor Tərlan Quliyev və professor Arif Əsədullayev, məsləhətçiləri professor, Xalq artisti Şəfiqə Eyvazova və Xalq artisti Alim Qasımov, rəyçiləri isə professor Fəridə Əzizova, professor Əkrəm Bağırov və professor Akif Quliyevdir. Layihə rəhbəri Zaur Hüseynovdur.


    Kitabın diqqətimi çəkən əsas cəhətlərindən biri əruzu yalnız klassik poeziyanın vəzn sistemi kimi deyil, ritm və musiqi ilə əlaqəli şəkildə izah etmək cəhdidir. Müəllif Azərbaycan əruzunun formalaşmasını, təfilə və bəhr anlayışlarını, ritmik qəliblərin quruluşunu və onların Azərbaycan folkloru ilə əlaqəsini müxtəlif nümunələr üzərindən təqdim edir.


    Burada xüsusilə maraqlı məqam odur ki, əruzun ritmik izlərini yalnız klassik şeir nümunələrində deyil, bayatılarda, el sözlərində, atalar sözlərində, yanıltmaclarda və folklor mətnlərində də görmək mümkündür. Kitabda “Bu mis nə pis mis imiş”, “Girdim tandıra, sildim-süpürdüm...” kimi nümunələrin ritmik quruluşu təfilələrlə müqayisə edilir. Bu yanaşma əruzun xalq yaradıcılığından tamamilə ayrı, yalnız klassik ədəbiyyata məxsus bir sistem olmadığı barədə düşünməyə imkan verir.


    Kitabın digər diqqətçəkən istiqaməti əruzun musiqi ritmi ilə əlaqələndirilməsidir. Müəllif musiqiçilərin əruz vəzninin ritmini daha yaxşı qavraması üçün notoqrafik yanaşmadan istifadə edir və uzun, qısa, ikiqat uzun hecaların musiqi notları vasitəsilə göstərilməsini təklif edir. Bu yanaşma xüsusilə muğam ifaçılığı baxımından maraq doğurur. Çünki muğamda sözün yalnız mənası deyil, onun ritmik quruluşu, heca bölgüsü və melodik hərəkətlə münasibəti də ifanın xarakterinə təsir göstərir.


    Əruzun insanın psixoloji vəziyyəti və ritm duyumu ilə əlaqəsinə də kitabda xüsusi diqqət yetirilir. Müəllif sürətli ritmləri sevinc və hərəkətlilik, asta və ləng ritmləri isə kədər, intizar və hüzn ovqatı ilə əlaqələndirir. Bu yanaşma əruzu yalnız texniki və poetik ölçü kimi deyil, insanın emosional və ritmik dünyası ilə bağlı sistem kimi nəzərdən keçirməyə imkan verir.


    Kitabda qədim türk poetik irsi ilə bağlı verilən nümunələr isə mövzunu daha da maraqlı edir. Alp Ər Tunga ilə bağlı yuğlama üzərində aparılan ritmik təhlil göstərir ki, əruz elmi sistemləşdirilməmişdən əvvəl də türk poetik düşüncəsində müəyyən ritmik qəliblər mövcud olub. Mahmud Kaşğarinin “Divanü-luğat-it-türk” əsərində qorunmuş nümunənin təfilələrlə müqayisəsi bu baxımdan diqqətəlayiqdir.


    Mənim üçün kitabın ən maraqlı tərəflərindən biri də məhz budur: ritm sadəcə musiqinin və ya şeirin texniki elementi deyil. Ritm folklorda, poeziyada, insanın nitqində, musiqidə və hətta gündəlik həyatın müxtəlif proseslərində özünü göstərən universal hadisədir.



    Bu baxımdan “Muğamlarımız və Azərbaycan əruzu” yalnız muğam və əruz haqqında məlumat verən kitab kimi deyil, musiqişünaslıq, folklorşünaslıq, ədəbiyyatşünaslıq və ritm nəzəriyyəsinin kəsişdiyi bir araşdırma istiqamətinə diqqət çəkir.


    Kitabın tanış olduğum səhifələri məndə bir qənaəti xüsusilə gücləndirdi: Azərbaycan muğamının söz və musiqi münasibətini daha dərindən anlamaq üçün əruzun ritmik mahiyyətinə də diqqət yetirmək lazımdır. Bu istiqamətdə aparılacaq araşdırmalar xanəndəlik sənətinin, muğam mətnlərinin və Azərbaycan poeziyasının bir-biri ilə bağlılığının yeni tərəflərini üzə çıxara bilər.


    Dərsimiz başlayanda ustad xanəndə Zabit Nəbizadə əlimdəki kitabı görüb təbəssümlə dedi: “Görürəm, kitab xoşunuza gəlib. Dəqiq bilirəm ki, haqqında nəsə yazacaqsınız. Xoşunuza gəlməsəydi, əlinizdə olmazdı”. O, Firudin Qurbansoyun əməyini yüksək qiymətləndirərək belə bir dəyərli əsərə görə müəllifə dərin minnətdarlığını bildirdi və özü də kitabdan dərslərində istifadə etdiyini vurğuladı.


    Bu söhbət muğam sənətində mühüm bir məqamı da xatırlatdı: xanəndə ifa etdiyi qəzəlin məzmununu, sözlərin düzgün tələffüzünü və əruz vəzni ilə əlaqəsini dərindən bilməlidir. Çünki sözün təhrif olunması şeirin mənasını dəyişə, şairin çatdırmaq istədiyi fikri başqa məcraya yönəldə bilər. Muğamda yalnız melodiyanı deyil, sözün mənasını və poetik ruhunu da qorumaq vacibdir. Bu baxımdan, Firudin Qurbansoyun kitabı musiqi ilə poeziyanın əlaqəsini anlamaq, muğamın söz mədəniyyətini qorumaq və gələcək xanəndələrin biliklərini zənginləşdirmək baxımından əhəmiyyətli bir mənbədir.


    Bəlkə də bu səbəbdən Zabit Nəbizadənin masasının üzərində təsadüfən diqqətimi çəkən həmin kitabın bir neçə səhifəsi dərsdən əvvəlki qısa vaxtı adi mütaliədən çıxarıb elmi marağa çevirdi. Oxuduqlarım göstərdi ki, bəzən bir kitabın yalnız bir neçə səhifəsi belə araşdırılmalı böyük bir mövzunun qapısını aça bilir.


    Cəmilə Çiçək

    Prezident təqaüdçüsü, 

    Zekainfo.az saytının baş redaktoru


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ