Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Azərbaycanın çokvektorlu xarici siyasət konsepsiyasında Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq xüsusi yer tutur. Bu region ölkələri ilə Bakını təkcə eyni dil, tarix, mədəniyyət və din bir-birinə bağlamır, eyni zamanda möhkəm siyasi və iqtisadi münasibətlər, xüsusilə də son illərdə regional və qlobal miqyasda əhəmiyyət kəsb edən nəqliyyat-logistika imkanları daha da yaxınlaşdırmış olur. Bu mənada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşü Bakı ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığı daha da inkişaf etdirmək baxımından önəmli bir platforma rolunu oynayır.
Məlumat üçün qeyd etmək yerinə düşər ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvünə çevrilib. Ölkə başçısının sözügedən formatda keçirilən görüşlərdə ilk dəfə olaraq iştirakı isə 2023-cü ilə təsadüf edir. Azərbaycan dövlət başçısı həmin görüşə fəxri qonaq qismində dəvət olunaraq ilk dəfə bu formatda iştirak edib. Sonrakı ildə də Mərkəzi Asiya respublikaları Azərbaycan liderinə yüksək etimad göstərərək Məşvərət Görüşünə fəxri qonaq kimi dəvət edib və 2025-ci ildə Daşkənd zirvə görüşü zamanı Azərbaycanın qeyd edilən formatda tamhüquqlu iştirakçı statusu qazanması barədə qərar qəbul olunub. Bu tarixi qərar əslində Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı idi. Nəticə etibarilə, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri, istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıq platformalarında keyfiyyətcə yeni mərhələyə daxil olub.
8 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi və Cənab İlham Əliyevin də həmin görüşdə iştirakı yeni dünya nizamında Azərbaycanın timsalında Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşmış səmərəli əməkdaşlıq imkanlarının mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyevin Məşvərət görüşündə çıxışı zamanı dediyi kimi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının artıq konkret nəticələri var. Keçən ilin statistikasına əsasən, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsində 50 faizdən çox artımın qeydə alınması, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi, parallel olaraq Qazaxıstan, Özbəkistan və Qırğızıstanla Azərbaycanın birgə investisiya fondlarının yaradılması və həmin fondların hər birinin kapitalının yüz milyonlarla dollar həcmində ölçülməsi region ölkələri Bakının təkcə yüksək səviyyəli siyasi deyil, eyni zamanda iqtisadi tərəfdaşlıq səviyyəsində inkişaf etdiyinin göstəricisidir. Bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlığın qurulması və bu əlaqələrin inkişaf etdirilməsinə xidmət edən mühüm amillərdən biri region ölkələrinin Bakının 44 günlük Vətən Müharibəsində apardığı haqq işi uğrunda mübarizəsinə mənəvi dəstək verməsi, torpaqların azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işlərinə qardaş yardımını əsirgəməmələridir. Məsələn, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa ediblər.
Öz növbəsində Azərbaycanın Türkmənistanla münasibətlərində də son illərdə xüsusi dinamika müşahidə edilməkdədir. Təsaüdfi deyil ki, Prezident İlham Əliyev də çıxışında son dövrdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşdiyini bildirib. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirilməsi münasibətlərin dinamikasını nümayiş etdirir. Məşvərət Görüşündən sonra Azərbaycan və Türkmənistan liderlərinin ayrıca görüş keçirməsi, ikitərəfli əlaqələrin siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması da Bakı-Aşqabad əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması regiondakı əməkdaşlığın coğrafiyasını genişləndirib. Bu proses mahiyyət etibarilə Mərkəzi Asiyanın beş dövlətindən ibarət C5 formatının Azərbaycanı da əhatə edən C6 formatına çevrilməsi deməkdir. Azərbaycanın coğrafi mövqeyi bu yeni formatı Mərkəzi Asiyanın daxili əməkdaşlığından Xəzər üzərindən Cənubi Qafqaz və Avropaya çıxan daha geniş geoiqtisadi platformaya çevirir. Burada Azərbaycanın üstünlüyü yalnız coğrafi mövqedə deyil. Ölkənin nəqliyyat infrastrukturu, enerji imkanları, limanları, beynəlxalq logistika əlaqələri və müxtəlif regional təşəbbüslərdə iştirakı bu platformanın praktiki imkanlarını artırır.
Elə Azərbaycan Prezidenti İlham Əliyev Məşvərət Görüşündə çıxışı zamanı qeyd etdiyimiz məsələlərə toxunaraq xüsusilə, enerji və nəqliyyat-logistika sahəsində region ölkələri ilə əməkdaşlığın gələcək perspektivlərinə diqqət çəkib. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın dəniz limanlarına, hava limanlarına, dəmir və avtomobil yollarına böyük sərmayələr yatırması regional bağlantı imkanlarını genişləndirib. Bu baxımdan Bakı–Ələt xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və digər infrastruktur layihələri Azərbaycanın yalnız tranzit ölkə deyil, Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin mühüm halqasına çevrilməsinə imkan yaradır.
Prezident İlham Əliyevin çıxışı zamanı diqqət çəkdiyi əsas məsələlərdən biri də Orta Dəhlizlə bağlı oldu. Dövlət başçısının dediyi kimi ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu dinamika Orta Dəhlizin Azərbaycan və Mərkəzi Asiya üçün yalnız nəqliyyat layihəsi olmadığını göstərir. Bu mənada Mərkəzi Asiyanın zəngin təbii ehtiyatlarının, kənd təsərrüfatı məhsullarının və sənaye mallarının dünya bazarlarına çıxarılmasında Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti son dərəcə artır. İnkişaf edən əməkdaşlıq parallel olaraq Azərbaycan şirkətləri üçün də Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan bazarlarına çıxış imkanlarının genişlənməsi deməkdir.
Bütün bu əməkdaşlığın istənilən səviyyədə olması, nəticə əldə etməsi üçünsə sülh və sabitlik mühüm amildir. Elə Prezident İlham Əliyevin çıxışının ana xəttindən birini də bu məqam təşkil edirdi. Dövlət başçısı vurğulayıb ki, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməli, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin gələcək uğurlu inkişafının və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin təminatıdır. Bu baxımdan nəqliyyat dəhlizlərinin, enerji xətlərinin, investisiya layihələrinin və ticarət marşrutlarının uzunmüddətli fəaliyyəti üçün sabitlik, təhlükəsiz həyat başlıca şərtdir.
