Sizin reklam burada
Sizin reklam burada
  • Həbib Cəfərovdan Prezidentə MÜRACİƏT

    Möhtərəm cənab Prezident!

    Sizi Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla keçirilməsi münasibətilə öz adımdan və YAP Astara rayon təşkilatının üzvləri adından səmimi-qəlbdən təbrik edirəm.

    Qurultayda söylədiyiniz nitq Azərbaycanın qazandığı tarixi nailiyyətlərin mahiyyətini, dövlətimizin qarşısında duran strateji vəzifələri və partiyamızın bu vəzifələrin yerinə yetirilməsində məsuliyyətini dolğun əks etdirir. Partiya fəallarının ölkəmizin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirməyiniz əməyimizə verdiyiniz dəyərin və bizə göstərdiyiniz etimadın ifadəsidir.

    Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolunun Sizin rəhbərliyinizlə davam etdirilməsi Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edib. Bu gün müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan Azərbaycanla fəxr edirik. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, doğma yurdlarına qayıdan soydaşlarımızın həyatında açılan yeni səhifə bu uğurların xalqımızın taleyindəki dəyərini göstərir.

    Qurultayda təhlükəsizliyimizin möhkəmləndirilməsi, iqtisadi imkanlarımızın genişləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi ilə bağlı irəli sürdüyünüz strateji hədəflər ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İqtisadi inkişafın nəticələrinin vətəndaşların güzəranında əksini tapması həyata keçirdiyiniz siyasətin başlıca məqsədlərindəndir. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin 2027-ci ildə artırılması ilə bağlı açıqlamanız insanların sosial müdafiəsinə göstərdiyiniz ardıcıl diqqətin növbəti ifadəsidir.

    Möhtərəm cənab Prezident!

    Partiya əməkdaşlarının sosial rifahının yüksəldilməsi və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində göstərdiyiniz diqqətə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Bu qayğını gündəlik əməyimizə verilən dəyər kimi qəbul edir, üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik.

    Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı olaraq dövlətçilik ideyalarının və həyata keçirdiyiniz siyasətin təbliğini, gənclərin ictimai-siyasi fəallığının artırılmasını fəaliyyətimizin əsas istiqamətləri sırasında görürük. Qurultayda müəyyən etdiyiniz vəzifələri rəhbər tutaraq üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirəcək, göstərdiyiniz etimadı əməli fəaliyyətimizlə doğrultmağa çalışacağıq.

    Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın təhlükəsizliyi və rifahı naminə fəaliyyətinizə, partiyamızın inkişafına və əməkdaşlarına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

    Sizə möhkəm cansağlığı, xalqımızın firavan gələcəyi və dövlətimizin davamlı yüksəlişi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.


    Dərin hörmət və ehtiramla,

    Həbib Cəfərov,

    Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri,

    Azərbaycan Respublikası, Astara rayonu.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ