
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə yeni məzmun qazanaraq regional əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Siyasi dialoqun genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi, nəqliyyat və energetika sahələrində birgə təşəbbüslər bu tərəfdaşlığın strateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı da əməkdaşlığın mövcud imkanlarını və gələcək hədəflərini nümayiş etdirib.
Ötən ilin noyabrında Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi regional münasibətlərdə əlamətdar hadisədir. Bu qərar ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrinin və qarşılıqlı etimadın göstəricisidir. Dövlət başçısının Azərbaycanın üzvlük təşəbbüsünə dəstəyə görə həmkarlarına təşəkkür etməsi, Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun rolunu vurğulaması qarşılıqlı dəstəyin əhəmiyyətinin göstəricisidir. Azərbaycanın bu formatda iştirakı Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında əməkdaşlığın daha geniş miqyasda inkişafına imkan yaradır.
İqtisadi-ticari əlaqələr və qarşılıqlı investisiyalar tərəfdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə istehsal müəssisələrinin qurulması, sənaye əməkdaşlığının genişləndirilməsi və xarici bazarlara birgə çıxış üçün yeni imkanlar yaradır. Bu yanaşma əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, ortaq istehsal və uzunmüddətli iqtisadi tərəfdaşlığa əsaslanmasını nəzərdə tutur.
Nəqliyyat və logistika Azərbaycanın regional əməkdaşlıq gündəliyində xüsusi yer tutur. Xəzər dənizi üzərindən daşımaların genişlənməsi, nəqliyyat infrastrukturunun inkişafı və Orta Dəhlizin artan əhəmiyyəti ölkəmizin beynəlxalq tranzit imkanlarını gücləndirir. Dövlət başçısının Orta Dəhliz üzrə yükdaşımaların ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını vurğulaması marşrutun perspektivlərini nümayiş etdirir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər də regionun nəqliyyat və rəqəmsal bağlantılarının möhkəmlənməsinə xidmət edir.
Energetika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli ölkəmizin tranzit rolunu gücləndirir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər bərpaolunan enerji sahəsində yeni perspektivlər formalaşdırır. Bu təşəbbüslər region ölkələrinin enerji resurslarından daha səmərəli istifadə etməsinə və beynəlxalq bazarlarla əlaqələrinin genişlənməsinə şərait yaradır.
Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də humanitar həmrəylikdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş dəstəyinin konkret nümunələridir. Türkmənistanın Füzulidə məscid tikintisinə töhfəsi də xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın ifadəsidir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək olmaqla yanaşı, regional münasibətlərin humanitar əsaslarını da möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışında sülh, təhlükəsizlik və sabitliyin bütün nailiyyətlərin təməli kimi dəyərləndirilməsi əməkdaşlığın strateji mahiyyətini təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri artıq ayrı-ayrı sahələr üzrə əlaqələrdən daha geniş məzmun daşıyır. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat bağlantılarının inkişafı, enerji tərəfdaşlığı və humanitar əlaqələrin dərinləşdirilməsi ortaq maraqlara əsaslanan regional əməkdaşlıq modelini formalaşdırır. Məşvərət formatında tamhüquqlu iştirak isə Azərbaycanın bu proseslərdəki rolunu daha da möhkəmləndirərək gələcək birgə təşəbbüslər üçün yeni imkanlar yaradır.
