![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da 27 Sentyabr – Anım Gününə həsr olunmuş “The heroism of the invincible army!” adlı məqaləsi dərc olunub.
Məqalədə 2020-ci il sentyabr ayının 27-si bütün Azərbaycan xalqı üçün uzun illər həsrətində olduğu, qürur dolu bir günlə başladığı, bu günün Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətini bir daha sübut etdiyi vurğulanıb.
Deputat qeyd edib ki, məhz həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycana qarşı növbəti təcavüzə başlayıblar. Beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoyulması məqsədilə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev dərhal Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi, beləliklə, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-də “Dəmir yumruq” əks-hücum əməliyyatları ilə başlayaraq 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsinə çevrildi.
Eyni zamanda, M.Əfəndiyev həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibənin dayandırıldığını, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamənin qəbul olunduğunu və Ermənistanın kapitulyasiya aktına imza atdığını qeyd edib.
Həmçinin, müəllif bu gün Azərbaycan xalqının heç bir zaman olmadığı qədər sülhə yaxın olduğunu, 08 avqust 2025-ci il tarixində imzalanmış Vaşinqton Bəyannaməsinin, eyni zamanda Sülh Sazişinin mətninin paraflanmasının davamlı sülhün əldə olunması istiqamətində mühüm dönüş nöqtəsi olduğunu diqqətə çatdırdı.
Sonda millət vəkili 30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatın qəbul olunmasını xüsusi vurğulayaraq, şanlı Zəfərimizin yaratdığı bu yeni reallığın nəinki ölkəmizin suverenliyi, ərazi bütövlüyünü, eyni zamanda bütövlükdə regionun, xalqların təhlükəsiz və rifah içində dinc gələcəyini qoruyacağının əhəmiyyətinə toxunub.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/azerbaijan/2026/09/30/the-heroism-of-the-invincible-army/
