
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
1993-cü ilin 3 oktyabr tarixində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək respublikamızı böyük bəlalardan, faciələrdən hifz etdi. Eyni zamanda, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin eymək üçün qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı etmişdir ki, məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir. Ümummilli Lider onu da bildirmişdir ki, biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Dahi şəxsiyyət öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu təsdiq etmişdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Lider Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Azərbaycan hazırda möhtəşəm uğurlara ilə dünyanın diqqətindədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev təkmil islahatları ilə ölkəmizi daha da inkişaf etdirir, qüdrətini artırır, iqtisadi imkanlarının genişlənməsi fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır, nüfuz qazanır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən olan 1 oktyabr 2003-cü il tarixli müraciətində belə bir inam ifadə edilmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək. Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Son 23 il özündə biri-birindən möhtəşəm, Azərbaycanın beynəlxalq nüfuzuna, imzası qədər sözünün dəyərinə yeni əlavələr gətirən uğurlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin bu illər ərzində gördüyü işlərin ümumiləşdirilmiş təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
