Azərbaycan Türkiyə münasibətləri tarixin ən ağır sınaqlarından üzüağ çıxmış, təbii strateji müttəfiqliyə, qardaşlıq və bir millət, iki dövlət prinsipinə əsaslanır. 1918 -ci ildə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını erməni bolşevik qüvvələrindən azad etməsini, 44 günlük müharibədə Türkiyənin verdiyi siyasi mənəvi dəstəyi unutmaq olmaz. Münasibətlərimizin səviyyəsini tarixi Şuşa müqaviləsi aydın şəkildə göstərir.
Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.
Deputat deyib ki, bütün bunlarla yanaşı, bəzi beynəlxalq platformalarda fərqli mövqelərdən çıxış etməyimiz normaldır. Onun sözlərinə görə, hər bir ailədə olduğu kimi, hər bir dövlətin də öz maraqlarının olması təbiidir. Heç bir halda bu, ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl gətirə bilməz.
Nəsib Məhəməliyev bildirib ki, BMT Baş Assambleyasında İsrailin baş naziri Netanyahunun çıxışı zamanı nümayəndə heyətimizdən bir nəfərin zalı tərk etməməsini şişirtmək, televiziya kanalları və sosial şəbəkələr vasitəsilə kəskin ittihamlar səsləndirmək doğru deyil.
Deputat deyib ki, heç bir cəmiyyət monolit deyil. Onun sözlərinə görə, cəmiyyət varsa, müxtəlif fikirlərin, siyasi, dini və ideoloji baxışların da olması normaldır. Türkiyə ilə Azərbaycanın münasibətlərinin korlanmasını istəyən kifayət qədər daxili və xarici düşmənin, fürsətcil qüvvələrin olduğunu nəzərə almaq lazımdır.
Nəsib Məhəməliyev vurğulayıb ki, Azərbaycan Türkiyə qardaşlığı əbədidir, dönməzdir və genetik yaddaşımızdır. Onun sözlərinə görə, dövlət başçılarımız ən yüksək səviyyədə dostluq edir və dövlət maraqlarımızı effektiv şəkildə qoruyurlar.
Deputat bildirib ki, dövlətlərarası münasibətlər sosial şəbəkələr üzərindən qurulmur. Onun sözlərinə görə, beynəlxalq müstəvilərdə Türkiyənin olmadığı yerdə Azərbaycan var, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var.
Nəsib Məhəməliyev deyib ki, son hadisələrin fonunda mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrin dərinləşməsinə və düşmənçiliyə çevrilməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, istər Türkiyə, istərsə də Azərbaycan vətəndaşları siyasi proseslərə münasibət bildirərkən olduqca məsuliyyətli olmalıdırlar.
Deputat bildirib ki, böyük amalları cılız hisslərə qurban verməklə düşmənin dəyirmanına su tökmək olmaz. Onun sözlərinə görə, fikir bildirərkən söyüşə və təhqirə qətiyyən yol verilməməlidir.
