ADEX Azərbaycanın müdafiə sənayesi potensialını dünyaya nümayiş etdirən strateji platformadır.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Arzu Nağıyev deyib ki, Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-in Qafqaz regionunun müdafiə sənayesi və daxili təhlükəsizlik sahəsində ən böyük ixtisaslaşmış tədbirlərindən biri kimi ölkəmizin beynəlxalq hərbi-texniki əməkdaşlığında xüsusi rolu var.: “Bu sərgi artıq təkcə silah və hərbi texnikanın nümayiş etdirildiyi məkan deyil, dövlətlər, hərbi nümayəndə heyətləri və müdafiə sənayesi şirkətləri arasında birbaşa əlaqələrin qurulduğu mühüm platformaya çevrilib. ADEX 2026-da 29 ölkədən 270-dən çox şirkətin və 33 ölkədən 45 xarici nümayəndə heyətinin iştirakı bunun göstəricisidir. ADEX çərçivəsində yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübə mübadiləsi, müqavilə və razılaşmaların əldə olunması, eləcə də məhsulların regional bazarın tələblərinə uyğun təkmilləşdirilməsi üçün geniş imkanlar yaranır. Bu baxımdan ADEX-i Azərbaycanın müdafiə sənayesi potensialını beynəlxalq ictimaiyyətə təqdim edən və ölkəmizi regionda hərbi-texniki əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevirən strateji platforma kimi qiymətləndirmək olar”.
Müdafiə sənayesində 20 illik inkişaf yolu
Parlamentin komitə sədri qeyd edib ki, Azərbaycanın müdafiə sənayesinin bugünkü səviyyəyə çatması uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsidir: “Müdafiə Sənayesi Nazirliyinin 2005-ci ildə yaradılması ilə bu sahənin sistemli inkişafının əsası qoyulub. Sonrakı dövrdə yeni istehsal sahələri yaradılıb, müxtəlif ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq qurulub və məhsul çeşidi əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün söhbət təkcə ordunun daxili tələbatının ödənilməsindən getmir. Azərbaycan artıq hərbi məhsullarını xarici bazarlara da çıxarır. Ölkənin 30-dan çox ölkəyə hərbi məhsul ixrac etdiyi barədə rəsmi məlumat açıqlanıb. 2023-cü ildə “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması isə müdafiə sənayesi müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, istehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından yeni mərhələ yaradıb”.
Yerli istehsal strateji əhəmiyyət daşıyır
Arzu Nağıyev deyib ki, müasir dünyada geosiyasi qeyri-sabitlik, təchizat zəncirlərində yaranan problemlər və müxtəlif məhdudiyyətlər fonunda öz müdafiə sənayesinə malik olmaq dövlətin müdafiə qabiliyyətinin mühüm elementlərindən biridir: “Vaxtilə bu istiqamətdə addımlar atılmasaydı, ordunun xarici tədarükdən asılılığı daha yüksək səviyyədə qala, yerli istehsal və texnoloji baza bu qədər sürətlə formalaşmaya bilərdi. Vətən müharibəsi zamanı Azərbaycanın yerli müdafiə sənayesi tərəfindən istehsal olunan silah-sursat, pilotsuz uçuş aparatları və digər məhsulların real döyüş şəraitində istifadəsi də bu sənayenin inkişafı baxımından mühüm təcrübə yaratdı. Müharibə təcrübəsi sonrakı mərhələdə məhsulların təkmilləşdirilməsi və yeni texnoloji həllərin hazırlanması üçün əlavə imkanlar formalaşdırdı”.
"
Made in Azerbaijan” müdafiə sənayesində yeni imkanlar açır
Parlamentin komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yerli müdafiə sənayesinin istehsal imkanlarını və texnoloji səviyyəsini daha da artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirməkdir: “Bu prosesdə ADEX kimi beynəlxalq sərgilərin əhəmiyyəti böyükdür. Çünki belə platformalar Azərbaycan məhsullarının potensial alıcılara və tərəfdaşlara təqdim edilməsinə, yeni əlaqələrin qurulmasına və hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır. Eyni zamanda ixrac prosesində beynəlxalq öhdəliklərə, ixrac nəzarəti rejimlərinə və tətbiq olunan hüquqi tələblərə ciddi riayət olunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm şərtdir. Qarşıdakı mərhələdə məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha yüksək texnologiyaya əsaslanan, rəqabətqabiliyyətli və beynəlxalq bazarlarda tələbat görən müdafiə məhsullarının çeşidini genişləndirmək olmalıdır”.
