Sizin reklam burada
Sizin reklam burada
  • “Bizim yaxşı ticarət balansımız var”

    Mətanət Səfərli

    YAP Nəsimi rayon təşkilatının əməkdaşı



    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iqtisadi münasibətlər sistemində mühüm rol oynayan platformaya çevrilməkdədir. Forumda müzakirə olunan məsələlərin fonunda yeni nəqliyyat və enerji marşrutlarının formalaşması, investisiya rəqabətinin güclənməsi iqtisadi resursların daha da genişlənməsinə gətirib çıxaracaq.

    Tədbirdə Prezident İlham Əliyevin çıxışı bir sıra məqamlarla yadda qaldı. Dövlət başçısı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın artıq yalnız regional iqtisadi proseslərin iştirakçısı deyil, həm də qlobal iqtisadi əməkdaşlıqda mühüm tərəfdaş kimi çıxış etdiyini göstərir: “Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.

    Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq”.

    Dövlət başçısı onu da bildirib ki,  iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir: “Sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, turizm və bərpaolunan enerji sahələri yeni investisiya imkanlarının formalaşdığı əsas istiqamətlər sırasındadır. Bu proses Azərbaycanın gələcək iqtisadi inkişafının daha çox çoxşaxəli və rəqabətqabiliyyətli model üzərində qurulduğunu göstərir”.

    Siyasi sabitliyin iqtisadi inkişafa təsirindən danışan dövlət başçısı bunları qeyd edib: “Hesab edirəm ki, xüsusilə bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi.

    Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var - 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ