Əlimuxtar Muxtarov
Nizamişünas alim,
AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru
Nizami Gəncəvinin tərənnüm etdiyi ali hisslər, o cümlədən insanı sevmək, onu yüksək qiymətləndirmək kimi ideyalar dahi şairin mənsub olduğu Azərbaycan xalqının həm tarixən, həm də bu gün bəşəriyyətə təqdim etdiyi dəyərlərdir. Böyük Azərbaycan şairinin tərənnüm etdiyi,təbliğ etdiyi bu milli və bəşəri dəyərləri müdrikliklə qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyev qeyd edir ki" Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadını təcəssüm etdirir".
Fərdi sevə bilməyən xalqı, bəşəriyyəti sevə bilməz. Bu yüksək qayələrə gəlib çatdığı üçündür ki, şeir Nizami Gəncəvi ilhamında əbədilik qazanıb. Dahi mütəfəkkir özünədək dəbdə olan və çox vaxt yalnız bir ovuc hökmdarlara, tacidarlara, sərvət, mənsəb sahiblərinə xidmət edən saray ədəbiyyatı tilsimini qırmış, poeziyanı bütünlüklə xalqın istifadəsinə vermiş və nəticədə insanı yüksək səviyyədə tərənnüm edən poeziya ərsəyə gətirmişdir. Məhz bu özəlliklərinin nəticəsidir ki, dünya filosofları, mütəfəkkirləri, şərqşünasları Nizami Gəncəvi poeziyasını inqilabi poeziya adlandırırlar.
Ümummilli Lider Heydər Əliyev Nizami Gəncəvinin yaradıcılığı haqqında deyirdi: “Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2013-cü
ildən həyata keçirdiyi Qlobal Bakı Forumları, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi Nizami Gəncəvi yaradıcılığında mənsub
olduğu Azərbaycan xalqının milli və bəşəri
ideyalarının dünyaya təqdimi üçün geniş imkanlar açır. Çünki onun yaradıcılığında dünyanın bütün xalqları özünü tapa və görə bilir.
Azərbaycan Prezidentinin, dövlətinin
Nizami Gəncəvinin timsalında dünyaya, bəşəriyyətə təqdim etdiyi bu humanitar təfəkkürün həm Şərqdə, həm də Qərbdə
geniş yayılmasında Heydər Əliyev
Fondunun müstəsna xidmətləri vardır. “Nizami
Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı
ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti
görünməmiş yüksəkliklərə qaldırmışdır." deyən Heydər Əliyev Fondun preizidenti, Azərbaycan
Respublikasının Birinci vitse-preizdenti Mehriban xanım Əliyevanın böyük
qayğısı ilə həm ölkəmizdə, həm də dünyada dahi şairin abidələrinin ucaldılması, əsərlərinin təbliği, tərcüməsi və tədqiqi ilə bağlı tarixi işlər həyata keçirilməkdədəir.
Nizami Gəncəvinin fikrincə, insan dünyanın əşrəfidir. Başqa varlıqlardan fərqli olaraq Allah ona zəka bəxş etmişdir. Buna görə də o bəxtiyardır və bütün xilqətlərin həyatına cavabdehdir. “Sirlər xəzinəsi”ndə yazır:
Sən ey fələklər qədər uca, dəyərli insan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Sən dünya çəmənində bir az zəif, kəmnəfəs,
Fəqət ən çevik ceyran sənlə yarışa bilməz.
Nizami Gəncəvi eyni zamanda poetik təfəkkürü
ilə elmi əsaslar formalaşdırmışdır. Dogma Gəncəsində dövrünün bütün elmlərini
öyrənən, incəliklərinə vaqif olan böyük mütəfəkkirin yaradıcılığında ədəb elmi
başda olmaqla təbiətşünaslıq, riyaziyyat, həndəsə, astronomiya, fəlsəfə,
ilahiyyat, tibb, musiqi və digər elmər cəm olmuşdur. Hətta ilk Nizami Gəncəvi tədqiqatçılarından olan Y.E.Bertels yazır ki, Nizami Gəncəvinin “Xəmsə”sində astronomiya elmi ilə bağlı terminləri toplasaq, böyük astoronomiya lüğəti ərsəyə gələr.
Müasir Azərbaycan nizamişünaslığı
müstəqillik işığında yeni tədqiqat istiqamətləri müəyyənləşdirmişdir. Akademik
İsa Həbibbəylinin də qeyd etdiyi kimi “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami
Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik
ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renesansı” və
sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə
daha çox aktuallıq kəsb edir. Möhtərəm Prezidentimizin “Nizami Gəncəvi İli” haqqındakı mühüm tarixi əhəmiyyətə malik
olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər
üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi
sənəd kimi mühüm əhəmiyyətə malikdir.
Müasir gənclərin Nizami Gəncəvi irsinə marağını artırmaq üçün, hesab edirəm ki, kompleks yanaşma tələb olunur. Birincisi, Nizami Gəncəvi irsi rəqəmsal formatlarda animasiya, podkast, interaktiv sərgilər vasitəsilə təqdim edilməlidir, çünki bugünkü gənclik məhz bu dildə düşünür və məlumatı bu formada daha asan qəbul edir. İkincisi, məktəb və universitet proqramlarında Nizami Gəncəvi yaradıcılığını quru əzbərçilikdən çıxarıb, onun ideyalarını müasir dəyərlərlə ədalət, elmə hörmət, multikulturalizm kimi anlayışlarla əlaqələndirmək lazımdır ki, gənclər onu uzaq keçmişin təkrarlanan bir mövzusu kimi deyil, bu günün özünə aid bir hikmət mənbəyi kimi qəbul etsinlər.
Tunzale Arazlı xanım soruşdu, mən də cavab verdim!
Bir daha təşəkkür edirəm!
