Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda artım dinamikası 2026-cı ilin ilk səkkiz ayında da davam edib. Yol infrastrukturunun yenilənməsi, logistika imkanlarının genişləndirilməsi və şəhər mobilliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr sektorun iqtisadi fəallığının artmasına şərait yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, cari ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi 6 milyard 654 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz və ya 827 milyon manat artıb.
Nəticədə nəqliyyat və anbar təsərrüfatının ÜDM-də payı 7,6 faizə, qeyri-neft-qaz ÜDM-də payı isə 10,8 faizə yüksəlib.
Hesabat dövründə sektorun məhsul buraxılışında da artım qeydə alınıb. Belə ki, nəqliyyat və anbar təsərrüfatında məhsul buraxılışı real ifadədə 8,7 faiz və ya 1 milyard 364 milyon manat artaraq 10 milyard 932 milyon manata çatıb.
Cari ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sektoruna 2 milyard 752 milyon manat investisiya yönəldilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6 faiz artım deməkdir.
