Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü

    Aynur Babayeva,

    Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi 

     

    Azərbaycan tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən önəmli günlər vardır. Belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün, ölkəmizin suveren dövlət kimi mövcudluğunu, xalqın öz taleyinə sahib çıxmaq əzmini və dövlət müstəqilliyinin bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.

    Suverenlik dövlətin ali hakimiyyətini, daxili və xarici siyasətdə müstəqilliyini ifadə edən fundamental anlayışdır. Azərbaycan Respublikasının da suverenliyi 1991-ci ildə bərpa edilmiş, lakin onun tam təmin olunması yolunda xalqımız onilliklər boyu mübarizə aparmışdır.

    Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində tarixi iradənin ortaya qoyulması 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, BMT qətnamələrinin 30 il ərzində həyata keçirilməyən müddəaları real güc və siyasi iradə ilə icra edildi. Bu zəfər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri ilə tamamlandı. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində suverenliyin tam bərpası həyata keçirildi. Separatçı qurumun ləğvi və dövlət hakimiyyətinin tam bərpası, Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu. 

    II Qarabağ müharibəsindən sonra da Azərbaycanın suverenlik mübarizəsi davam etdi. 2023-cü il aprelin 23-də Laçın sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin aliliyi və sərhədlərin tam nəzarətə götürülməsinin rəmzi oldu. Nəhayət, 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatı nəticəsində qondarma rejim ləğv edildi, Azərbaycanın konstitusiya quruluşu və dövlət hakimiyyəti bütün ərazilərimizdə tam bərpa olundu. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.”

    Prezident İlham Əliyev 20 sentyabr 2024-cü il tarixində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışında bildirmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

    2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi xalqımızın, xüsusilə yeni nəslin gələcək inkişafının hansı istiqamətdə müəyyən olunması baxımından tarixi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoyub. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil edilmişdir. 

    Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir. 

    2021-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində şanlı Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi fondu fəaliyyət göstərir. Fondda şəhid və qazilərimizə məxsus 3000-dən çox şəxsi əşya toplanıb. Muzeydə Zəfər tariximizi əks etdirən bu materiallar qorunub, mühafizə olunur, eləcə də ekspozisiyada və sərgilər vasitəsilə nümayiş olunur.  

    Vətən müharibəsi Fondunda 2023-cü il 20 sentyabr tarixində Azərbaycanın ərazi bütövlüyü və   suverenliyi uğrunda şəhid olmuş Camal Səmədovun da şəxsi əşyaları yer alır.

    Camal Səmədov 1991-ci il iyul ayının 11-də Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuş, orta təhsilini Xolqarabucaq kənd tam orta məktəbində almışdır.

    Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Camal Səmədov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid Camal Səmədov “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ