Sizin reklam burada
Sizin reklam burada
  • Mircəlil Qasımlı: Türk Dövlətləri Təşkilatının güclənməsi ümumi inkişaf və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır


    Türk Dövlətləri Təşkilatı bu gün üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də təşkilatın qarşısında duran yeni vəzifələri və gələcək əməkdaşlıq istiqamətlərini aydın şəkildə göstərir.

    Bu fikirləri "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

    Deputat qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları Türk dünyasının iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həm dünya iqtisadiyyatını enerji resursları ilə təmin etməsi, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında tranzit imkanlarına malik olması ölkəmizin strateji rolunu daha da artırır.

    Mircəlil Qasımlının sözlərinə görə, Türk Dövlətləri Təşkilatının əsas üstünlüklərindən biri də üzv ölkələri birləşdirən ortaq tarixi, milli-mənəvi dəyərlər, mədəniyyət və dil yaxınlığıdır. Eyni zamanda, üzv ölkələrdə sabitliyin və təhlükəsizliyin mövcud olması iqtisadi  əməkdaşlığın, qarşılıqlı sərmayələrin və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

    Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrıldığını vurğulayan deputat bildirib ki, müasir dövrdə terror təhdidləri, ideoloji təsirlər, informasiya təhlükəsizliyi və digər çağırışlar ölkələr arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan təhlükəsizlik qurumları arasında operativ məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

    Deputat, həmçinin gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi Türk dünyasının birliyinin davamlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir.

    “Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi xalqlarımızın ümumi maraqlarına xidmət edir. Ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz isə bu birliyin möhkəm təməlini təşkil edir”, – deyə Mircəlil Qasımlı bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ